ASELSAN dünyanın ən yaxşı 100 şirkəti arasında 48-ci yerdə qərarlaşıb

ASELSAN dünyanın ən yaxşı 100 şirkəti arasında 48-ci yerdə qərarlaşıb

Türkiyənin ASELSAN şirkəti ABŞ-ın “Defence News” jurnalının dərc etdiyi dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti (Defense News Top 100) siyahısında 48-ci pillədə qərarlaşıb.

Bu barədə Azeri Defence saytına ASELSAN şirkətindən məlumat verilib.

Müdafiə dövriyyəsi 2,2 milyard ABŞ dollarına yaxınlaşan ASELSAN şirkəti ötən illə müqayisədə dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti arasında 4 pillə yüksəlib. Uğurlu qrafikini getdikcə artıran ASELSAN ötən il “Defence News” jurnalının dərc etdiyi siyahıda 52-ci yerdə olub.

Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fonduna daxil olan ASELSAN dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti siyahısına ilk dəfə 2008-ci ildə 97-ci sıradan girib.

Siyahıda yer aldığı ilk ildən etibarən hədəfi ilk 50 şirkət arasında yer almaq olan ASELSAN bu il siyahıda 48-ci yerdə qərarlaşmaqla hədəfinə çatıb.

ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün bildirib ki, ASELSAN-ın hədəfi bundan sonra daha yüksəkdə olmaqdır: “ASELSAN məhsulları dünyanın 65 ölkəsində xidmət göstərir. Təhlükəsizlik qüvvələrinin, o cümlədən dost və müttəfiq ölkələrin silahlı qüvvələrinin ehtiyaclarını sürətli və etibarlı şəkildə qarşılamaq üçün gecə-gündüz çalışmağa davam edəcəyik. Bunun müqabilində yaxın illərdə bu siyahıda daha yüksək olacağımıza inanıram”.

Qeyd edək ki, “Defense News” jurnalı tərəfindən hər il bir əvvəlki ilin müdafiə məhsullarının satışları əsas götürülən “Defense News Top 100” dünyanın ən nüfuzlu müdafiə sənayesi siyahısı hesab edilir.

Məlumatda o da qeyd edilib ki, Türkiyə Ordusu və təhlükəsizlik qüvvələrinin elektronik cihazları və sistemləri sahəsində ən vacib mənbəyi olan ASELSAN, siyahıda daha yüksək olmaq üçün işlərini davam etdirir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş