ASELSAN “Kaplan”ın imkanlarını artırır

Robot minaaxtaranları əvəz edəcək

ASELSAN “Kaplan” bomba robotunun imkanlarının artırılması üzərində işləyir. Bu barədə “AzeriDefence”yə KADEX-2014 sərgisində iştirak edən ASELSAN şirkətinin nümayəndələri məlumat veriblər.

Şirkət robotun üzərinə mina detektoru əlavə etməyi planlaşdırır. Bununla bağlı ASELSAN mütəxəssisləri tərəfindən yüksək dəqiqliyə malik detektorun hazırlanması üzərində işlər aparılır.

Layihə reallaşandan sonra “Kaplan” üzərinə qurulan detektor vasitəsi ilə təhlükəli ərazilərdə minaaxtarma əməliyyatları həyata keçirəcək.

Qeyd edək ki ASELSAN tərəfindən son texnologiyalar tətbiq edilməklə hazırlanılmış “Kaplan” bomba robotu NATO-nun satınalmalar siyahısında yer alır. “Kaplan” Türkiyə Təhlükəsizlik Baş İdarəsi tərəfindən terror və silahlı basqın olaylarının yaşandığı bölgələrdə istifadə olunur.

2013-cü ilin may ayında IDEF sərgisində ictimaiyyətə təqdim olunan “Kaplan” yeni nəsil bomba robotları ailəsinə daxildir. “Kaplan” xüsusilə Türkiyə şəraitinə spesifik olan İED əməliyyatları üçün ən uyğun seçim sayılır. Robotun üzərində operatorun 500 metr məsafədən şübhəli əşyanı tədqiq edə bilməsi üçün müşahidə sistemi, 6 və ya 7 hərəkət sərbəstliyi olan qol, ətrafı dinləyə bilməsi üçün mikrofon yerləşir. Tırtılı sayəsində robot pilləkənləri qalxır və enir, qarda, maneəli ərazilərdə, palçıqda hərəkət edə bilir. Fasiləsiz 4 saatdan artıq əməliyyatda iştirak edən, -30, +70 dərəcə temperaturlarda çalışa bilən “Kaplan” batareya dəyişmədən 15 km məsafə qət edir. Müasir müşahidə operatora sistemi İdarəetmə Panelindən şübhəli əşyanı real vaxt rejimində və yüksək dəqiqliklə izləmək, tədqiq etmək imkanı verir. İdarə Panelindəki 3 ölçülü robot görüntüsü “Kaplan” görmə sahəsində olmadığı hallarda belə bütün hərəkətin izlənməsini təmin edir.

KATEQORIYA:
Bu xəbəri paylaş