ASELSAN tank əleyhinə raket qülləsini təqdim edib

Türkiyənin ASELSAN şirkəti tank əleyhinə idarəolunan raketlərlə silahlandırılmış yeni qülləsini nümayişə çıxarıb.

“AzeriDefence”nin ASELSAN şirkətinə istinadən verdiyi xəbərə görə, döyüş modulu 12-14 dekabr tarixlərində Küveytdə keçirilən GDA-2017 müdafiə və aviasiya sərgisində təqdim olunub.

TƏİR qülləsinə quraşdırılmış kompüter sistemi operatorun işini yüngülləşdirib. Atış-kontrol sistemi gecə-gündüz və istənilən hava şəraitində hədəflərə qarşı yüksək effektiv atış həyata keçirməyə imkan verir.

Distans idarə olunan və stabilləşdirilmiş döyüş moduluna 4 ədəd tank əleyhinə idarəolunan raketlərlər – “Hellfire”, “Javelin”, “Kornet-E”, OMTAS, “Shershen” və s. quraşdırıla bilir.

Bununla yanaşı silah sistemi özünü müdafiə etməsi üçün 25 mm-lik avtomatik top, 12.7 və ya 7.62 mm çaplı pulemyotla konfiqurasiya edilə bilər.

Məlumatda o da qeyd olunub ki, yeni sistem “Nurol Makina” şirkətinin NMS, “Otokar” şirkətinin “Cobra II” və digər yüngül, yığcam və yüksək hərəkət qabiliyyətli zirehli döyüş maşınlarına inteqrasiya etmək üçün əlverişlidir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş