Asiya ölkələri Azərbaycanla hərbi sənaye sahəsində əməkdaşlıq qurmaq istəyirlər

Cənubi Şərqi Asiya ölkələri Azərbaycanla hərbi sənaye sahəsində əməkdaşlıq qurmaq istəyirlər. “AzeriDefence”nin məlumatına görə, Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən DSA-2014 sərgisində bu fikir səsləndirilib.
Region ölkələrindən Malayziya, Tailand, Pakistan, İndoneziya, Laos, Vyetnam Azərbaycan məhsullarına maraq göstərir. Eləcə də müdafiə sənayesi sahəsində işbirliyi qurmaq niyyətində olduqlarını açıqlayırlar.

Sərginin ikinci günü Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Rusiyanın Rosoboroneksport dövlət şirkəti, İsveçrənin Vectronix, Fransanın Thales, ABŞ-ın Harris şirkətlərinin stendlərində olub. Adıçəkilən şirkətlərin rəhbərliyi ilə keçirilən görüşlərdə ikitərəfli əlaqələr və əməkdaşlıq imkanları müzakirə olunub. Bir sıra məhsulların Azərbaycan heyətinə təqdimatı keçirilib.

Bununla yanaşı Malayziya müdafiə nazirinin müavini, Tailandın müdafiə naziri, Türkiyənin müdafiə nazirinin müavini, Pakistanın GİDS şirkətinin rəhbəri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendinə baş çəkərək görüşlər keçiriblər.

Nazir Y. Camalov Malayziya və Tailandın müdafiə nazirlərini Azərbaycanda keçiriləcək ADEX-2014 müdafiə sənayesi səsrgisinə dəvət edib.

Daha sonra Y. Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Milli pavilyonuna baş çəkib. Nazir Türkiyənin FNSS, TAİ, ROKETSAN, Girsan, HAVELSAN, MKE şirkətlərinin stendləri ilə tanış olub. Adıçəkilən şirkətlərin rəhbərliyi ilə davam edən və gələcək layihələri müzakirə edib.

MKE stendində görüş zamanı Y. Camalov Azərbaycanda istehsalına dair müqavilə imzalanmış MP-5 tapança-pulemyotların istehsalına tezliklə başlanacağını vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş