Avstraliya Ordusu MQ-4C “Triton” PUA-ları alır

Avstraliya Ordusu MQ-4C “Triton” PUA-ları alır

Avstraliya və ABŞ arasında “Northrop Grumman” şirkətinin istehsalı olan MQ-4C “Triton” kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının (PUA) alınmasına dair müqavilə imzalanıb.

“AzeriDefence” “Armyrecognition” portalına istinadən xəbər verir ki, müqaviləyə əsasən “Northrop Grumman” Kral Avstraliya Hərbi Hava Qüvvələrini ilkin olaraq iki komplekt MQ-4C “Triton” PUA ilə təmin edəcək.

Avstraliya Hərbi Hava Qüvvələri ümumilikdə altı komplekt MQ-4C “Triton” PUA əldə etməyi planlaşdırır. İlk MQ-4C-in 2023-cü ilin ortalarında Avstraliya HHQ-nin istifadəsinə veriləcəyi gözlənilir. Bütün MQ-4C “Triton” PUA-ların 2025-ci ilin sonunadək tam istismara verilməsi planlaşdırılır. Müqavilənin ümumi dəyəri təxminən 5 milyard ABŞ dolları təşkil edir.

MQ-4C “Triton” yüksək hündürlükdə və uzaq məsafəyə (high altitude, long endurance/HALE) uça bilən kəşfiyyat-müşahidə PUA sinfinə aid edilir. Uzunmüddətli havada qala bilən MQ-4C PUA sahilboyu ərazidə kəşfiyyat-müşahidə aparmaq üçün nəzərdə tutulub.

“Northrop Grumman” şirkəti “Triton” PUA-nı RQ-4 “Global Hawk” pilotsuz uçuş aparatının bazasında yaradıb. 17 km hündürlüyə qalxan “Triton” 575 km/saat sürətlə uça bilir. Həmçinin 24 saata qədər havada qalmaq imkanı var. Yeni PUA çoxfunksiyalı radar, videokamera, elektro-optik/infraqırmızı sensorlar, radio kəşfiyyatı, avtomatik identifikasiya sistemi (AIS) və retranslyasiya avadanlıqları ilə təchiz olunub. Bu avadanlıqlar müxtəlif suüstü obyektlərin növlərini aşkar və avtomatik olaraq təsvir etməyə imkan verir.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş