Azərbaycan İsraildən müasir rabitə vasitələri alıb – ÖZƏL

Azərbaycan İsraildən müasir rabitə vasitələri alıb – ÖZƏL

Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimlərində İsrailin “Elbit Systems” şirkətinin müasir rabitə vasitələri nümayiş etdirilib.

“Poliqon”un məlumatına görə, təlimlər zamanı Azərbaycan Ordusunun inventarında yer alan İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “E-LynX PNR-1000”, “Tadiran PRC-710”, o cümlədən “PRC-930 HDR”, “VRC-950 HDR” və “VRC-990 HDR” rabitə vasitələri ilk dəfə olaraq nümayiş etdirilib.

“E-LynX PNR-1000”

“Elbit Systems” şirkətinin məlumatına görə, “E-LynX PNR-1000” istənilən ərazi şəraitində hərbi personala idarəetmə məntəqəsi ilə əlaqə yaratmaq üçün xüsusi olaraq hazırlanmış SDR (Proqram təminatlı rabitə) platformadır. Bu rabitə cihazı istifadəçiyə səs və məlumatların ötürülməsi üçün çoxlu atlama xidməti, müvəqqəti şəbəkə yaratma bacarığı təmin edir ki, bu isə öz növbəsində personalın çətin ərazi şəraitində icra etdiyi əməliyyatın effektivliyinin artmasına köməklik göstərir. Cihaz eyni anda səs, məlumat və BFT (Blue Force Tracking – ABŞ hərbi terminidir. İdarəetmə məntəqəsindəki birlik komandanının öz bölmələrini, eyni zamanda düşmən qüvvələrini izləməyə xidmət edən GPS xüsusiyyətli funksiyadır.) ötürmək imkanına sahibdir. Həmçinin 200KHz bant (zolaq) genişliyində 225-512 MHz arasında fasiləsiz tezlik əhatə dairəsi olan UHF zolaqda işləyir.

Özünəməxsus sinxronizasiya radio stansiyası olan “E-LynX PNR-1000” ətafdakı cihazlarla əlaqə təmin etmək və eyni anda məlumat ötürəmək qabiliyyətinə malik metodologiya əsasında hazırlanmış müasir protokola sahibdir. Bu isə ona xarici əlaqələndirmə mənbəyindən istifadə etmədən şəbəkədəki digər rabitə cihazları ilə avtomatik və sürətli şəkildə sinxronizasiya imkanı verir. “E-LynX PNR-1000” istifadəçini şəbəkə təhlükəsizliyindəki boşluqları minimuma endirən, habelə rabitə mənzili və əlaqə mühafizəsini yuxarı həddə çıxaran texnologiya ilə təmin edir.

İşləmək üçün lazım olan enerjini yenidən doldurula bilən “V Li-Ion” batareyasından alan “E-LynX PNR-1000” rabitə vasitəsinin uzunluğu 120 mm, eni 72 mm və ağırlığı isə 360 qramdan artıqdır.  Cihaz MIL-STD-810 ətraf mühit və MIL-STD-461 EMC standartlarına uyğun dizayn edilib.

“Tadiran PRC-710”

“Tadiran PRC-710” çox yüksək tezlikli (VHF- Very High Frequency) / FM, COMSEC (Communications security –əlaqə təhlükəsizliyi) / ECCM (Electronic counter-countermeasures – elektronik əks tədbirlər) ilə əlaqə mühafizəsi təmin edən və əldə daşına bilən rabitə cihazıdır. Şirkət mütəxəssislərinin sözlərinə görə, silah bazarındakı ən yüngül rabitə cihazı olan “Tadiran PRC-710” döyüş sahəsindəki personala lazım olan əsas xüsusiyyət və bacarıqları özündə birləşdirir.

Cihaz istifadəçiyə həm eyni, həm də müxtəlif anda məlumat ötürülməsi, habelə əsas stansiyaya ehtiyac olmadan müasir və avtomatik tezlik atlamalı sinxronizasiya imkanı verir. Daxili mikrofon, səs gücləndirici ilə təchiz olunan “Tadiran PRC-710” MIL-STD-810E və NATO-nun ətraf mühit standartlarına, eləcə də MIL-STD-461D EMI/EMC standartlarına uyğun şəkildə dizayn edilib.

“PRC-930 HDR”, “VRC-950 HDR” və “VRC-990 HDR”

ECCM və COMSEC ilə həm səs, həm də məlumatların təhlükəsiz şəkildə ötürülməsini təmin edən “PRC-930 HDR”, “VRC-950 HDR” və “VRC-990 HDR” rabitə cihazları “CNR-9000 HDR2 radio stansiyasının yeni konfiqurasiyalarıdır.

Cihaz istifadəçiyə yüksək sürətli məlumat, real zamanlı video ötürmək, həmçinin e-posta və fayl göndərmək imkanları verir. Əlavə olaraq güclü xəta sezmə və düzəltmə kodları; əsas mərkəz stansiyası olmadan sinxron ortoqonal tezlik atlama rejmi (ECCM); səsləri yüksək səviyyədə qəbul edə bilmək üçün müasir səs kodlayıcı; daxili GPS funksiyaları təmin edir.

Rabitə cihazı MIL-STD-810E/F/G ətraf mühit, MIL-STD-461C/462 elektromaqnit müdaxilə standartlarına cavab verir və -40 ilə +65 dərəcə arasında işləmə temperaturuna malikdir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin İsraildən əldə etdiyi “Sand Cat” zirehli avtomobili bazasında yaradılan “R-010SC” komanda-qərargah maşınları (əməliyyat idarəetmə səviyyələrində tətbiq olunmaqla, hərəkətdə və dayanacaqda qərargah zabitlərinin idarəetməsini təmin etmək üçün, “R-010SC” radioidarəetmə məntəqəsi isə analoq və rəqəmsal açıq, məxfi, sinxron tezlik dəyişən, həmçinin bütün növ məlumatların kompüter vasitəsilə ötürülməsi və qəbulu üçün nəzərdə tutulub – red.) VRC-950 rəqəmsal ultraqısa dalğalı radiostansiyalarla təchiz edilib. Həmçinin VRC-8200 rəqəmsal qısadalğalı radiostansiya və “Panasonic” məlumatötürmə kompüteri ilə dəstləşdirilib.

Elşən Abdulkərimov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş