Azərbaycan Prezidenti: 44 gün ərzində düşmənin ordusu məhv edildi, bu gün Ermənistan ordusu yoxdur

Azərbaycan Prezidenti: 44 gün ərzində düşmənin ordusu məhv edildi, bu gün Ermənistan ordusu yoxdur

Son illərdə vəziyyət gərginləşməyə başlamışdı. Artıq Ermənistan da öz niyyətini gizlədə bilmirdi. Çünki danışıqların mənası artıq faktiki olaraq itmişdi. Ermənistan işğal edilmiş torpaqlarda müntəzəm olaraq hərbi təlimlər keçirirdi. Ermənistan rəhbərliyinin sözlərinə görə, bu təlimlərdə 10 minlərlə canlı qüvvə iştirak edirdi. Bizim mövqelərimizə qarşı hücum təşkil edilirdi. Hərbi vertolyot hücum etmişdi və o vertolyot vuruldu. Bu da Ermənistana imkan verdi ki, bunu bəhanə gətirərək desin, bəli, Azərbaycan bizim vertolyotumuzu vurdu, indi danışıqlar dayanmalıdır. Hər dəfə müəyyən irəliləyişə imkan yarandıqca, belə təxribatlara əl atırdılar.

Azeri Defence xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ermənistanın danışıqları pozmaq məqsədilə törətdiyi təxribatlardan danışarkən bildirib.

Dövlət başçısı deyib: “Bir neçə gün davam edən Aprel döyüşləri kiçik də olsa, bizim qələbəmizlə nəticələndi. Ermənistan məcbur oldu, yerinə oturduldu, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik, göstərdik ki, bizi heç kim və heç nə yolumuzdan döndərə bilməz, çəkindirə bilməz. Amma dərs olmadı onlara. Aprel döyüşlərindən sonra Ermənistanın o vaxtkı rəhbərliyi demək olar, söz vermişdi ki, işğal edilmiş torpaqlardan çıxacaq. Bu, həqiqətdir. Amma sonra orada ya özləri təşkil etmişdilər, ya doğrudan da belə hadisə baş verdi, polis bölməsi zəbt edildi, terrorçu qrup orada terror aktı törətdi və ondan sonra Ermənistan rəhbərliyi dedi ki, görürsünüz, burada vəziyyət gərgindir, biz bunu edə bilmirik. Bizi aldatdılar”.

Prezident qeyd edib ki, 2018-ci ildə Günnüt əməliyyatı – Naxçıvan əməliyyatı da bizim uğurlu əməliyyatımız idi. “Biz böyük ərazini götürdük, işğaldan azad etdik və strateji yüksəklikləri zəbt etdik. Yenə də dərs olmadı. Yəni, biz onlara şans verirdik. 2018-ci ildə Ermənistanda, – indi bəziləri buna inqilab deyir, bəziləri çevriliş deyir, özləri bilərlər, – dəyişiklik baş verdi, ümidlər oyandı və bu ümidlər əsassız deyildi. Mən dərinə getmək istəmirəm. Biz ümid edirdik ki, yeni rəhbərlik keçmiş səhvlərdən təmizlənəcək və bu məsələ öz həllini tapacaq. Amma bu da baş vermədi.

Demək olar ki, bir ildən sonra bizə qarşı qəbuledilməz addımlar atıldı, bizi faktiki olaraq aldatdılar, öz daxili problemlərini həll etmək, daxili müxalifəti əzmək, həbs etmək üçün vaxt uddular. Ondan sonra nə oldu, Azərbaycan xalqı yaxşı bilir. Qəbuledilməz bəyanatlar, Azərbaycan xalqının təhqir edilməsi, yersiz hərəkətlər, biabırçı addımlar, bəyanatlar və təxribat xarakterli hərbi əməliyyatlar – iyul ayında, avqust ayında və nəhayət, sentyabrın 27-də. Mən dedim yetər artıq, irəli! 44 gün ərzində düşmənin ordusu məhv edildi. Bu gün Ermənistan ordusu yoxdur”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş