Azərbaycan Prezidenti: “Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu

Azərbaycan Prezidenti: “Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu

Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir. Müstəqillik, mərdlik, cəsarət və inkişaf örnəyidir. Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənayesinin məhsullarını Azərbaycana təqdim edəcək.

“Azeri Defence” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında deyib.

“Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş sənaye olmasını bir daha gördü”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün tarixi gündür. Ona görə ki, bu Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Təkcə Bakı şəhərinin yox, bütün Azərbaycan şəhərlərinin Türkiyə və Azərbaycan bayraqları ilə bəzədildiyini bildirən dövlət başçısı deyib:

“Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu daha da geniş vüsət almışdır. Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlər boyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir. Bir-birinə qardaş deyir. Eyni zamanda, bütün məsələlərdə biz bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu, təbiidir”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş