Azərbaycan Prezidenti: Biz yalnız insanlarımızın və əsgərlərimizin həyatına təhlükə olan hədəfləri vururuq

Azərbaycan Prezidenti: Biz yalnız insanlarımızın və əsgərlərimizin həyatına təhlükə olan hədəfləri vururuq

“Biz həmişə öhdəliyimizə sadiq qalırıq. Bildiyiniz kimi, humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəlmişdir və biz bunu dəstəklədik. Çünki düşünürəm ki, ölmüş əsgərlərin cəsədlərini və girovları mübadilə etmək, fəaliyyəti danışıqlar masasında davam etdirmək üçün, bu, doğru qərar idi. Çünki Moskvada elan olunmuş bəyannamədə faktiki olaraq danışıqların əsas prinsiplər çərçivəsində aparılacağı təmin edilib. Bu, həmişə bizim mövqeyimiz olub”.

Azeri Defence saytının məlumatına görə, bunu Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində atəşkəs rejiminin pozulması ilə bağlı suala cavabında bildirib.

Dövlət başçısı Ermənistan tərəfinin həmişə prosesi pozmağa və danışıqlar masasına yeni yanaşmaları tətbiq etməyə çalışdığını vurğulayaq deyib: “Bunlar bizim tərəfimizdən və Minsk qrupunun həmsədrləri tərəfindən rədd edilmişdir. Digər məsələlərlə birlikdə bəyannamənin ən mühüm hissəsi ondan ibarətdir ki, danışıqların formatı dəyişməz olaraq qalacaq. Bu, çox önəmlidir. Ola bilsin, bunun geniş beynəlxalq auditoriya üçün nə anlam daşıması o qədər aydın deyil. Mən, əlbəttə, bu barədə daha ətraflı məlumat verəcəyəm. Çünki Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra son iki il ərzində fəaliyyətlərindən biri qondarma “Dağlıq Qarabağ respublikasının hökumətini” danışıqlar masasına cəlb etmək və beləliklə də danışıqların formatını dəyişmək idi. Çünki iyirmi ildən artıqdır ki, danışıqlar Minsk qrupu prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında aparılır. Odur ki, qondarma “Dağlıq Qarabağ respublikası hökumətini” danışıqlara cəlb etmək səyləri formatı dəyişdirmək cəhdləri idi. Beləliklə, hər iki tərəf formatın dəyişməz olaraq qalmasına sadiq qaldıqda, bu, hər şeyin əvvəllər razılaşdırılmış çərçivədə olacağı deməkdir”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan atəşkəs rejiminə əməl edir. “Lakin bildiyiniz kimi, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və bu, təkcə Gəncədə baş verməyib. Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir. Həmçinin onlar atəşkəsi hər gün pozurlar. Bu gün mənə məlumat verilmişdir ki, bu səhər saat 7-dən 9-a qədər onlar Tərtər və Ağdam şəhərlərini 150 dəfədən çox artilleriya atəşinə tutublar”, – deyə Prezident əlavə edib.

İlham Əliyev bəyan edib ki, atəşkəs elan olunandan bəri Azərbaycan tərəfindən bütün artilleriya atəşi dayandırılıb: “İkincisi, biz işğal olunmuş ərazilərdə istənilən şəhərdə və ya kənddə qəsdən mülki şəxsləri heç vaxt atəşə tutmuruq. Bizim hədəflərimiz yalnız hərbi qurğular idi. Bizim hərbi hədəflərimiz çox diqqətlə müəyyən olunub. Odur ki, biz yalnız insanlarımızın və əsgərlərimizin həyatına təhlükə olan hədəfləri vururuq. Lakin əfsuslar olsun ki, ermənilər insanların yaşadığı şəhər yerlərində hərbi qurğuları yerləşdirmək taktikasından istifadə edirlər, biz də özümüzü müdafiə etməli idik. Lakin atəşkəs müəyyən olunandan bəri biz ona sadiq idik, ancaq Ermənistan atəşkəsi pozdu, odur ki, biz cavab verməli idik”.

Prezident İlham Əliyev qeyd edib ki, biz hərbi hədəflərə zərbələr endirmişik və bunu təkzib etmirik. “Lakin bu təbiidir, çünki biz özümüzü müdafiə etməli idik. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda, Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Əslində, onlar elə bunu etməyə çalışırlar. Onlar azad edilmiş əraziləri geri götürməyə cəhd edirlər. Xüsusilə onlar Hadrut şəhərini geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mənim onlara məsləhətim belədir və mən artıq Ermənistan hökumətinə və həmçinin Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaqdır”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş