Azərbaycan Prezidenti: Ermənistanın əhalinin yaşadığı yerləri hədəfə almasında məqsəd panika, xaos, qorxu yaratmaqdır

Azərbaycan Prezidenti: Ermənistanın əhalinin yaşadığı yerləri hədəfə almasında məqsəd panika, xaos, qorxu yaratmaqdır

Azərbaycan xalqı çox xeyirxah xalqdır. Məhz ona görə Azərbaycanda onlarla digər xalqların nümayəndələri yaşayırlar, sülh, ləyaqət içində yaşayırlar. Odur ki, mən tam əminəm, ermənilər və azərbaycanlılar o bölgələrdə bir yerdə yaşaya bilərlər. Necə ki, bu gün Azərbaycanın digər yerlərində, necə ki, məsələn Gürcüstanda. Gürcüstanda 300 mindən çox azərbaycanlı və təqribən 200 minə yaxın erməni əhali var. Bəzi kəndlərdə onlar bir yerdə yaşayırlar, bir kənddə. Onların arasında hər hansı bir problem yoxdur. Niyə də bunu burada edə bilmərik?

Azeri Defence saytının məlumatına görə, Prezident İlham Əliyev bu sözləri Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində aparıcının Qarabağda ermənilərin və Azərbaycan türklərinin bundan sonra birlikdə yaşamasının mümkünlüyü barədə sualını cavablandırarkən söyləyib.

Dövlət başçısı daha sonra deyib: “Mən hesab edirəm ki, biz buna hazır olmalıyıq. Biz xalqlarımızı buna hazırlamalıyıq. Mənim bu gün sizə dediyim sözlər Azərbaycan xalqı tərəfindən qəbul edilir və dəstəklənir. Bu, eyni zamanda, bu gün Dağlıq Qarabağda yaşayan ermənilərə də mənim müraciətimdir. Onlar bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar, bu, ədalətli deyil. Biz buna heç vaxt razı ola bilmərik”.

Prezident qeyd edib ki, hər bir müharibə sülhlə nəticələnir, ona görə, indi biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. “Əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə bizə kömək edərsə, hesab edirəm ki, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq. Ancaq biz çalışmalıyıq ki, buna nail olaq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı bildirib ki, Ermənistanın Gəncəni, Mingəçeviri, Bərdəni, mülki əhalinin yaşadığı digər yerləri hədəfə almasından məqsəd panika, xaos, qorxu yaratmaqdır: “Bu gün Azərbaycan tam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişib. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var. Məhz buna görə bu xain hücumlar bizim iradəmizi qıra bilmədi. Erməni vəhşiliyindən ən çox zərər çəkən Tərtər şəhəridir. Tərtər şəhərinə minlərlə mərmi düşüb. Tərtər balaca bir şəhərdir, Gəncə kimi böyük şəhər deyil. Amma tərtərlilər bir dağ kimi, bir yumruq kimi dayanıblar, heç bir yerə getmirlər və deyirlər, öldü var, döndü yoxdur. Həmçinin Ağdamda da, Goranboyda da, Ağcabədidə də, cəbhə xəttinə yaxın olan bütün başqa bölgələrdə də belədir… Onlar düşmənlə üz-üzə yaşamağa öyrəşiblər. Onlar nə qədər cəsarətli, nə qədər qürurlu insanlardır ki, orada düşmənin atəşi altında yaşayır, qurur, övladlarını böyüdür. Azərbaycan xalqı, bax, bu xalqdır.

Düşmənin bu xain hücumlarından digər bir məqsədin Azərbaycanı dayandırmaq olduğunu bildirən dövlətimizin başçısı sözünə davam edərək deyib: “Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş