Azərbaycan və Əfqanıstan arasında təhlükəsizlik fəaliyyəti üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan və Əfqanıstan arasında təhlükəsizlik fəaliyyəti üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycanda rəsmi səfərdə olan Əfqanıstanın milli təhlükəsizlik müşaviri Hamdullah Mohib, Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar və Milli Təhlükəsizlik İdarəsinin Baş direktoru general-leytenant Ahmad Ziya Sarac ilə görüşüb. Görüşdə Əfqanıstan Azərbaycandakı səfiri Amanullah Ceyhun da iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən “Azeri Defence”ə verilən məlumata görə, general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandə həyata keçirilən uğurlu sosial-iqtisadi tərəqqi siyasəti və hüquq mühafizə sahəsində aparılan islahatlar, beynəlxalq terrorçuluqla mübarizə, ümumən sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycanın Prezidenti İlham Əliyevin və Əfqanıstanın Prezidenti Əşrəf Qaninin ümumi səyləri nəticəsində xalqlarımız arasında inkişaf edən dostluq münasibətləri dövlətlərimizin təhlükəsizliyinin təmin olunması üzrə tərəfdaşlığın gücləndirilməsinə də xidmət edir. General-polkovnik Əli Nağıyev Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasına Əfqanıstan tərəfindən verilmiş siyasi və diplomatik dəstəyi xüsusi vurğulayıb və bu cür davamlı təmasların ölkələrimiz, eləcə də müvafiq təhlükəsizlik strukturları arasında əməkdaşlıq əlaqələrinin daha da yüksəldilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Qonaqlar göstərilən diqqətə, Azərbaycanın və Əfqanıstanın təhlükəsizlik maraqlarının qorunması sahəsində aktuallıq kəsb edən məsələlər ilə əlaqədar müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər. Onlar xalqlarımızın tərəqqisi naminə dövlətlərimizin başçılarının rəhbərliyi ilə həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanlarının əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Görüşdə təhlükəsizlik fəaliyyəti üzrə faydalı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş