Azərbaycan və Gürcüstanın müdafiə nazirlərinin görüşü olub

Azərbaycan və Gürcüstanın müdafiə nazirlərinin görüşü olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Geniş tərkibdə keçirilən görüşdə general-polkovnik Zakir Həsənov strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu və bunun təkcə ölkələrimin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Hərbi əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli və NATO-nun keçirdiyi proqramlar çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını qeyd edən general-polkovnik Z.Həsənov, bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Ermənistanın regional sabitliyə ciddi təhdid təşkil etdiyini, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini diqqətə çatdıran Z.Həsənov beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyinə və ərazi bütövlüyünü tanıdığına görə gürcü xalqına bir daha minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən İ.Qaribaşvili bunun ölkələr arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bir daha vurğulayıb.

Dövlətlər arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Gürcüstanın Müdafiə naziri bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

Görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş