Azərbaycan və Rusiya Baş Qərargah rəislərinin görüşü keçirilib

Azərbaycan və Rusiya Baş Qərargah rəislərinin görüşü keçirilib

Fevralın 6-da Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda işgüzar səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nzirliyinin mətbuat xidmətindən məlumat verilib.

N.Sadıkov iki ölkə arasında əlaqələrin qurulmasında dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam əsasında aparıldığını, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.

Baş Qərargah rəisi bildirib ki, mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı barədə dövlət səviyyəsində qərar qəbul edilib və bu məqsədlə artıq fəal hazırlıq işləri həyata keçirilir.

Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı V.Gerasimov da əlaqələrin tarixi köklərə əsaslandığını, iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.

Sonra tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyətini və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş