Azərbaycan və Türkiyə arasında müdafiə və təhlükəsizlik sahəsindən üç sənəd imzalanıb

Azərbaycan və Türkiyə arasında müdafiə və təhlükəsizlik sahəsindən üç sənəd imzalanıb

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş VIII iclasının yekununda iki ölkə arasında müdafiə və təhlükəsizlik sektorunda əməkdaşlığa dair bir neçə sənəd imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, iclas başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin Milli müdafiə naziri Hulusi Akar “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında maliyyə yardımının tətbiqi haqqında Protokol”u imzalayıblar.

“2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokol”u işə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Türkiyənin Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Mehmet Aktaş imzalayıb.

İclasın yekununa dair mətbuat qarşısında çıxış edən Prezident İlham Əliyev görüşdə müdafiə sahəsində birgə gələcək işbirliyi haqqında fikir mübadiləsinin aparıldığını qeyd edib.

“Təkcə keçən il 13 birgə hərbi təlim keçirilmişdir. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq”, – deyə Azərbaycan Prezidenti bəyan edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş