Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranmasından 22 il ötür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranmasından 22 il ötür

Aprelin 30-u Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranmasından 22 il ötür.

“Poliqon”un məlumatına görə, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu ildə yaradılıb. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Azərbaycan XTQ-nin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri (Bordo Berelilər) müstəsna rol oynayıb. Bundan başqa Azərbaycan xüsusi təyinatlıları Pakistan, ABŞ və digər ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edirlər. Ötən dövrdə Azərbaycan xüsusi təyinatlıları dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda ilk yerlərə çıxıblar.

Hər il Azərbaycan və Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin şəxsi heyətinin iştrakı ilə birgə təlimlər keçirilir.

Azərbaycan XTQ dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir.

XTQ-nin şəxsi heyətinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və Qarabağ cəbhəsində son illərdə həyata keçirdiyi əməliyyatlarda Ermənistan Ordusu ağır tələfatlara uğradılıb. Düşmənin çox sayda canlı qüvvəsi, hərbi texnikası məhv edilib.

2016-cı il aprel ayında baş verən 4 günlük döyüşlərdə XTQ-nin bölmələri də iştirak edib. Döyüşlər zamanı şəhidlər verilsə də qarşıya qoyulan tapşırıqlar icra olunub.

Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti XTQ-nin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi altında böyük şücaət göstəriblər və adlarını Azərbaycanın şanlı zəfər tarixinin səhifələrinə yazıblar.

Vətən müharibəsindəki taktiki qələbələrin bir çoxu XTQ-nin qrupları sayəsində əldə edilib. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilib.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşa şəhərinin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olublar. Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olub və Azərbaycana strateji üstünlük verib. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul edib və Azərbaycan müharibədə qələbə qazanıb.

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş