Azərbaycanda İkinci Dünya Müharibəsində iştirak etmiş 10 min qadından 13 nəfər qalıb

Azərbaycanda İkinci Dünya Müharibəsində iştirak etmiş 10 min qadından 13 nəfər qalıb

Azərbaycanda İkinci Dünya Müharibəsində bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş 10 mindən çox qadından cəmi 13 nəfər həyatdadır.

Bu barədə “AzeriDefence”yə açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov məlumat verib.

Cəlil Xəlilovun sözlərinə görə, ön cəbhədə döyüşənlərdən əlavə, müharibə illərində 15 minə yaxın qadın tibb bacısı və sanitar kimi hərbi hospitallarda, 750 qadın rabitəçi və 3 min qadın sürücü kimi arxa cəbhədə xidmət edib. 1941-1945-ci illərdə Azərbaycan ərazisində yerləşən hərbi-sənaye müəssisələrində 5818 qadın çalışıb.

“Müharibədə iştirak etmiş insanların sayı hər il azalır. Bu günə respublika üzrə İkinci Dünya Müharibəsində iştirak etmiş qadın döyüşçülərdən cəmi 13 nəfər sağ qalıb. Mütəmadi olaraq onlarla əlaqə saxlayırıq. Bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin əməkdaşları və təşkilatımızın nümayəndələri veteranlarımızla görüşüb, təltif olunduqları medalları təqdim ediblər”, – deyə C. Xəlilov vurğulayıb.

Qeyd edək ki, son məlumata görə, respublikada İkinci Dünya Müharibəsində, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdən 264 nəfər həyatda qalıb. Ötən bir ildə 100 veteran dünyasını dəyişib.

KATEQORIYA:
Bu xəbəri paylaş