Azərbaycanda yeni hərbi orden, medallar və fəxri ad təsis edilib

Azərbaycanda yeni hərbi orden, medallar və fəxri ad təsis edilib

Azərbaycanda yeni Vətən Müharibəsi ilə bağlı orden və medallar və fəxri ad təsis edilib.

“Azeri Defence”nin məlumatına görə, Milli Məclisin bu günkü iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsində aşağıdakı dəyişiklik nəzərdə tutulur:

1.1. 1-ci maddədə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

“Zəfər” ordeni;

“Qarabağ” ordeni.

1.2. 2-ci maddəyə “Qızıl Ulduz” medalı;” hissəsindən əvvəl “Vətən Müharibəsi Qəhrəmanı” medalı;” hissəsi və “İgidliyə görə” medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilsin:

“Cəsur döyüşçü” medalı;

“Döyüşdə fərqlənməyə görə” medalı;

“Suqovuşanın azad olunmasına görə” medalı;

“Cəbrayılın azad olunmasına görə” medalı;

“Xocavəndin azad olunmasına görə” medalı;

“Füzulinin azad olunmasına görə” medalı;

“Zəngilanın azad olunmasına görə” medalı;

“Qubadlının azad olunmasına görə” medalı;

“Şuşanın azad olunmasına görə” medalı;

“Kəlbəcərin azad olunmasına görə” medalı;

“Ağdamın azad olunmasına görə” medalı;

“Laçının azad olunmasına görə” medalı;

“Vətən müharibəsi iştirakçısı” medalı;

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı;”.

Layihə birinci oxunuşda  qəbul edilib.

Bundan başqa, Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiq edilib.

Əsasnamədə qeyd olunub ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı – “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” medalının təsviri qanunla müəyyən olunur.

“Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:

– “Vətən Müharibəsi Qəhrəmanı” medalı;

– “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

“Vətən Müharibəsi Qəhrəmanı” eyni şəxsə bir dəfə verilir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş