Azərbaycanın Pakistandakı səfirliyi koronavirusla bağlı videokonfransda iştirak edib

Azərbaycanın Pakistandakı səfirliyi koronavirusla bağlı videokonfransda iştirak edib

Azərbaycanın Pakistandakı səfirliyi Qlobal və Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi COVİD-19 pandemiyası ilə bağlı təşkil olunan videokonfransda iştirak edib.

Bu barədə “AzeriDefence”ə Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib.

Videokonfrans Pakistanın aparıcı beyin mərkəzlərindən biri olan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGGS) təşəbbüsü ilə “Avrasiya ölkələri koronavirusa qarşı hansı preventiv tədbirləri görür və onların təklifləri” adı ilə keçirilib.

Konfransda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Rusiya, Tacikistanın Pakistandakı səfirləri və diplomatları ilə yanaşı CGGS-in prezidenti, ehtiyyatda olan general-mayor Seyid Xalid Əmir Cefri, CGGS-in icraçı direktoru Xalid Teymur Əkrəm, CGGS-in Məşvərət Şurasının üzvləri, keçmiş müdafiə naziri, ehtiyatda olan general-leytenant Naim Xalid Lodhi, ehtiyatda olan general Axtar Navaz Cancua və digər maraqlı şəxslər iştirak ediblər.

Video konfransda Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, səfirliyin diplomatları və hərbi attaşesi müzakirələrə qoşularaq Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, ölkəmizdə həyata keçirilən profilaktik və təxirəsalınmaz tədbirlər haqqında məlumatları bölüşüblər.

Səfir Əli Əlizadə koronavirus infeksiyasına yoluxma halının dünya ölkələrinə yayılması məlum olduqdan dərhal sonra Azərbaycan Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargahın yaradıldığını və vəziyyətin nəzarətə götürüldüyünü, hal-hazırda da vəziyyətin birbaşa Azərbaycan Prezidentinin diqqətində olduğunu bildirib.

Konfransda həmçinin iştirak edənlərin Azərbaycana və digər ölkələrə aid sualları da çıxışçılar tərəfindən cavablandırılıb və birgə mübarizə təklifləri də dinlənilib.

KATEQORIYA:
Bu xəbəri paylaş