Azərbaycanda ərazilərin dezinfeksiya edilməsi üçün dron hazırlandı

Azərbaycanda ərazilərin dezinfeksiya edilməsi üçün dron hazırlandı

Azərbaycanın “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən kənd təsərrüfatında sahələrin dərmanlanması üçün hazırlanmış “Agrodrone” adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırıb.

“AzeriDefence”nin məlumatına görə, istehsalçının drona quraşdırdığı çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu (sprey) bəlli hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir.

Sistemin inteqratoru olan “Azeltech” şirkətinin direktoru Samir Süleymanovun sözlərinə görə, hazırda COVID-19 pandemiyasının yayıldığı Çin, İtaliya, Fransa, İspaniya, Tayvan və digər ölkələrdə dronlardan dezinfeksiya işlərinin aparılmasında istifadə olunur.

HƏMÇİNİN BAX: Koronavirusa dronlu müdaxilə

“Dronlar məhlulu müəyyən hündürlükdən çilədikləri üçün geniş əraziyə effektiv təsir göstərə bilirlər. Bu, həm də dezinfeksiya edici məhlulun qənaətlə və daha geniş əraziyə çilənməsinə, prosesin qısa zamanda, insanların bilavasitə təması olmadan həyata keçirilməsinə imkan verir”, – deyə Samir Süleymanov vurğulayıb.

Şirkət rəhbəri qeyd edib ki, sifariş olarsa, yerli icra hakimiyyətlərini və müvafiq qurumları qısa zamanda dezinfeksiyaedici “Agrodrone” dronları ilə təchiz edə bilərlər.

Səkkiz mühərrikə malik “Agrodrone”nin çəkisi boş halda 13.4 kq, yükdaşıma qabiliyyəti 8 kq, maksimal uçuş sürəti 35 km/saat, maksimal uçuş hündürlüyü 300 metr, uçuş müddəti yüklü halda 20 dəqiqəyə yaxındır. Dron pult vasitəsi ilə 1500 metr, noutbuk və ya tablet üzərindən 2000 metr uzaqlıqdan idarə olunur. “Agrodrone” 16-18 metr/saniyə küləkdə uça bilir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş