Azərbaycan ADEX-2016- ikinci Beynəlxalq Müdafiə Sərgisinə hazırlaşır

27-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişi – ADEX-2016 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgi və konfransı keçiriləcək.

Bu barədə “AzeriDefence”yə sərginin təşkilatçısı olan “Caspian Event Organisers” (CEO) şirkətindən məlumat verilib.

Müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan ADEX sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradacaq. Yaxın və uzaq xarici ölkələrdən onlarla rəsmi nümayəndə heyətinin ziyarət etdiyi bu sərginin ən mühüm cəhəti ölkə rəhbərliyi tərəfindən göstərilən dövlət dəstəyidir.

President İlham Əliyev ADEX-2014 sərgisinin iştirakçılarına müraciətində vurğulayıb ki, “bu sərgidə aparılacaq səmərəli görüşlər və işgüzar danışıqlar qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək, mövcud müasir texnologiyalar bazarının ədalətli rəqabət meydanına çevrilməsində xüsusi rol oynayacaq”.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” şirkəti ADEX sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.

Beynəlxalq nümayəndə heyətləri, habelə xarici şirkətlər tərəfindən ADEX-2014 sərgisinə göstərilən böyük maraq Azərbaycanın regionda həm strateji tərəfdaş, həm də etibarlı münasibətlərin simvolu kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir. Tədbirə müşahidə olan böyük marağını nəzərə alaraq 2016-cı ildə sərginin iş müddətini 4 günə qədər uzadıblar. Artıq 100-dən çox şirkət ADEX-2016 sərgisində iştirak edəcəyini təsdiqləyib. İsrail, Çin, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançalarını rezervasiya ediblər. 2016-cı ildə sərgidə iştirak edəcəyini təsdiqləmiş şirkətlər arasında ASELSAN, CETC, “Damen”, MBDA, NORINCO, IAI, ROKETSAN, “Rosoboronexport”, “Thales” və digər şirkətlər yer alır. Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərirlər. Belə ki, sərginin informasiya dəstəyi aparıcı ixtisaslaşmış jurnallar, veb-saytlar və informasiya agentlikləri tərəfindən təmin olunur. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın “IHS Jane’s Defence Weekly” dərgisidir. “Azeri Defence” jurnalı isə sərginin informasiya tərəfdaşı qismində çıxış edir.

Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonunu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Burada Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcək. Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi planlaşdırılır: quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı.

Bu sərgi layihəsinin özəl xüsusiyyətlərindən biri müasir yanğın təhlükəsizliyi vasitələri, xilasetmə, mühafizə və müdafiə vasitələri, mühafizə texnikası, sənaye və nəqliyyat təhlükəsizliyi sistemləri, eləcə də informasiya və rabitənin mühafizəsi üzrə geniş məhsul spektrinin vahid konsepsiya çərçivəsində tammiqyaslı nümayişidir.

Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Bura seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklər, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər daxildir. İşgüzar proqram çərçivəsində keçiriləcək mühüm tədbir isə əsas mövzusu hərbi müdafiə və texnika kompleksi üzrə qabaqcıl dünya təcrübəsi və ən son texnologiyaların uğurlu tətbiqi ilə tanışlıq olan ADEX-2016 konfransıdır. Konfransın proqramına mütəxəssislər, hərbi ekspertlər və biznes nümayəndələrinin çıxışları daxildir. Beləliklə, ADEX-2016 sərgi və konfransı ən son silah növlərinin nümayiş etdirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevriləcəkdir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş