Azərbaycan Beynəlxalq Hərbi Tibb Komitəsinin üzvü olmağa hazırlaşır

Azərbaycan Müdafiə Nazirliyi Tibb Baş İdarəsi Beynəlxalq Hərbi Tibb Komitəsinin üzvlüyünə daxil olmaq üçün müraciət edib.

“AzeriDefence”in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev “Azərbaycan Ordusu” qəzetində dərc olunan məqaləsində bildirib.

N. Əliyev qeyd edib ki, Beynəlxalq Hərbi Tibb Komitəsinə daxil olmaqda məqsəd Azərbaycan həkimlərinin tez-tez mötəbər elmi tədbirlərdə iştirak etmsi, müasir dünya təbabətinin yeniliklərindən faydalana bilməsi və öz ixtisasları üzrə inkişaf etməsidir.

“Türkiyənin tibb müəssisələri ilə əlaqələrimiz çox yaxşıdır. Bu yaxınlarda Türkiyənın Baş Qərargahında Silahlı Qüvvələrin Tibb İdarəsinin rəisi ilə görüşdüm, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün faydalı söhbətlərimiz oldu. Hazırda Türkiyə və Azərbaycan silahlı qüvvələrinin tibbi sahədə əməkdaşlıq sazişinin yeni layihəsi razılaşdırılma mərhələsindədir”, – deyə N. Əliyev vurğulayıb.

N. Əliyev bildirib ki, rəhbərlik etdiyi Tibb Baş İdarəsi tərəfindən İranın və Gürcüstanın hərbi tibb müəssisələri ilə də işgüzar əlaqələr qurmaq üçün müəyyən addımlar atılır. İran-Azərbaycan hərbi-tibbi əməkdaşlığının inkişaf etdirilməsi üçün İranın Azərbaycandakı hərbi attaşesi ilə, Gürcüstan Silahlı Qüvvələrinin Tibb İdarəsi rəisi ilə görüşlərin keçirildiyini qeyd edən N. Əliyev Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli görüşünün keçirilməsi üçün fəaliyyətlərin davam etdirildiyini bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş