Azərbaycan-Ermənistan cəbhəsində atəşkəs pozuntusu son bir ildə pik həddə çatıb

Ermənistan Silahlı Qüvvələri sutka ərzində minaatanlardan da istifadə etməklə atəşkəs rejimini 265 dəfə pozub.

Bu barədə “AzeriDefence” Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan da ¬- cəmi 196 mərmi istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 265 dəfə pozub.

Ermənistan Ordusu tərəfindən Noyemberyan rayonunun Dovex, Berdavan, İcevan rayonunun Ayqeovit, Vazaşen və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqepar, Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Muncuqlu, Ağbulaq, Koxanəbi, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Sarıcalı, Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması 2016-cı ilin aprel hadisələrindən sonra ən yüksək həddə çatıb.

KATEQORIYA:
Bu xəbəri paylaş