Azərbaycan-Fransa hərbi əlaqələri müzakirə edilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycan ilə Fransa arasında hərbi əlaqələrin güclənməsinə xidmət edən görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Qoşunların qarşıdurma xəttindəki hazırkı vəziyyət barədə diplomata məlumat verən Z. Həsəsnov vurğulayıb ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı tutduğu qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdiddir.
Nazir qeyd edib ki, məsələnin həlli yolu beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsidir.
Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən Z.Həsənov Azərbaycan ilə Fransa arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.
Xanım O. Buşez Fransanın Azərbaycan ilə müdafiə sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Səfir bu proqramların vacibliyini xüsusi vurğulayıb. Görüşdə tərəflər Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən müxtəlif layihələrin hazırkı vəziyyətini, eləcə də müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
KATEQORIYA:
Bu xəbəri paylaş