Azərbaycan HDQ-nin “Bakılı” gözətçi gəmisi modernləşdirilir

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “Bakılı” gözətçi gəmisi modernizasiya olunur.

Bu barədə “AzeriDefence” jurnalının HDQ-nin Gəmi Təmiri Zavodundan hazırladığı reportajda bildirilir.

Zavodun rəisi, Sübhan Bəkirovun sözlərinə görə, hərbi gəmidə modernizasiya zamanı əsas diqqət gəminin sürətinin artırılması və silahlandırılmasına yönəlib.

“Modernləşmədən sonra gəminin sürəti artacaq. Bundan başqa gəminin silah arsenalı da yenilənəcək”, – deyə Bəkirov vurğulayıb.

S. Bəkirov təmir zamanı gəmilərin daxili dizaynına da diqqət yetirildiyini qeyd edib. Artıq bəzi gəmilərdə son model radarlar quraşdırılıb və bu prosesin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Bakılı” gəmisi freqat sinfinə aiddir. Keçmiş Sovet HDQ Xəzər Flotiliyasının gəmi tərkibi bölüşdürüldükdən sonra, yeni yaranmış Azərbaycan HDQ-də Azərbaycanın dövlət bayrağı ilk dəfə 26 iyul 1992-ci ildə məhz bu gəmidə qaldırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş