Azərbaycan hərbçiləri “Xan” raketi ilə tanış olublar – FOTOLAR
Azərbaycan ROKETSAN-ın “Xan” uzun mənzilli raket sistemi ilə yaxından maraqlanır.
Bu barədə “AzeriDefence”yə İDEF-2017 sərgisində iştirak edən ROKETSAN şirkətindən məlumat verilib.
Sərgidə iştirak edən Azərbaycanın müdafiə naziri Zakir Həsənova açıq sahədə, “Volat” maşını üzərində qurulmuş “Xan” kompleksi, ROKETSAN-ın qapalı pavilyonunda isə kompleksdə istifadə olunan 600 mm çaplı raket nümayiş olunub.
Şirkət rəsmiləri may ayının 11-də Sinopda keçirilən testlərdə Azərbaycanın Raket-Artilleriya Qoşunlarının komandanı general-mayor Zahid Hüseynovun da iştirak etdiyini və atış prosesini izlədiyini qeyd ediblər.
“Biz “Xan” barədə ötən ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 sərgisində Azərbaycanın dövlət rəhbərliyini məlumatlandırdıq. “Xan” öz sinfindəki raket sistemlərindən yüksək dəqiqliyi ilə seçilir”, – deyə şirkətdən bildirilib.
Qeyd edək ki, “Xan” raketinin çəkisi 2500 kq, döyüş başlığı 470 kiloqramdır. Raketin GNSS/ İNS və yalnız İNS naviqasiyası ilə hədəfə yönələn iki növü var. Raketin uçuşuna aerodinamik nəzarət və elektromexaniki dəqiqləşdirmə sistemi vasitəsi ilə nəzarət olunur. Raketinin hədəfdən sapması maksimum məsafədə < 50 metr təşkil edir.