Azərbaycan HHQ-nin 6 helikopteri Türkiyədə keçirilən təlimə qatılıb

Azərbaycan hərbçiləri  Türkiyədə keçirilən “İşık-2016” beynəlxalq axtarış-xilasetmə təlimlərinə qatılıblar.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd Mi-17 döyüş-nəqliyyat və 3 ədəd Mi-35 döyüş helikopteri müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərindədir.

Qeyd edək ki, iyunun 20-dən 30-dək Türkiyə Hərbi Hava Qüvvələrinin Konyadakı 3-cü bazasında keçiriləcək təlimə Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan, Rumıniya və Səudiyyə Ərəbistanından Hərbi Hava Qüvvələri, Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrindən bölmələr qatılacaq.

Təlimin məqsədi axtarış-xilasetmə əməliyyatları çərçivəsində komanda-kontrol müddətini sınaqdan keçirmək, inkişaf etdirmək, Döyüş Axtarış Xilasetmə bölmələrinin (təyyarə, komanda-kontrol təyyarəsi və helikopter pilotları) bacarıqlarını artırmaqdır.

Təlimə Belçika, Qatar, Keniya, Kosova, Livan, Makedoniya, Malayziya, Polşa, Sudan, Çili, Yunanıstan, Banqladeş, Sinqapurdan müşahidəçilər qatılacaq.

Qeyd edək ki, bundan əvvəl – 2015-ci ilin mart ayında keçirilmiş “İşıq-2015” təlimində Azərbaycan Hərbi Hava Qüvvələri Mi-17 helikopterləri ilə iştirak etmiş, təlimə eyni zamanda Xüsusi Təyinatlı Qsüvvələrin Axtarış-Xilasetmə qrupu qatılmışdı.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş