Azərbaycan MSN xaricə 106 milyon dollar dəyərində silah və sursat ixrac edəcək

Müdafiə Sənayesi Nazirliyi (MSN) Azərbaycanın hərbi zavodlarında istehsal edilmiş məhsulların xarici ölkələrə ixracına dair 106 milyon ABŞ dolları dəyərində müqavilələr imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

“Artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi elan olunublar. Bu da, öz növbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edir. Nəticədə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanmış və icrasına başlanıb”, – deyə nazir bildirib.

Yavər Camalovun sözlərinə görə, ixrac edilən məmulatlar sırasında bütün növ döyüş sursatlarını, müasir atıcı silahları, snayper tüfəngləri, pilotsuz uçuş aparatlarını və s. yer alır. Hazırda ixracın həcminin artırılması istiqamətində digər ölkələrlə danışıqlar aparılır.

Nazir qeyd edib ki, cari ilin sentyabrın 27-30-da Bakıda ADEX-2016 II Beynəlxalq müdafiə sərgisi keçiriləcək. Sərgidə 38 ölkədən 200-dən çox şirkətin iştirakı ilə bağlı sifarişlər qəbul edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş