Azərbaycan Müdafiə Nazirliyi: “Ohanyan-Sarkisyan cütlüyü şəxsi tərbiyəsizliklərini nümayiş etdirir”

Azərbaycanın Müdafiə Nazirliyi cəbhədəki son gərginlik, erməni tərəfinin bəzi nümayəndələrinin ölkəmizə qarşı təhqiramiz ifadələrlə çıxış etməsi və qoşunların təmas xəttində tankdan atəş açılmasının terrorizmə bərabər tutulması fikirlərinə cavab verib.

Müdafiə Nazirliyindən bildirilib ki, son günlər Seyran Ohanyan və Serj Sarkisyan cütlüyünün cinayətkar fəaliyyətinin nəticəsi olaraq cəbhədə gərginlik nəzərəçarpacaq dərəcədə artıb.

“Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri nəticəsində erməni tərəfinin çoxsaylı itkilərinə görə birbaşa məsuliyyət bu hərbi cinayətkarların üzərinə düşür. Terror yolu ilə hakimiyyəti ələ keçirən və terroru dövlət səviyyəsinə qaldıran şəxslərin Azərbaycana qarşı küçə leksikonunda danışaraq etikadan kənar ifadələr işlətməsi bizim üçün təəccüblü deyil. Çünki məhz bu onların fırıldaqçı mahiyyətini və şəxsi tərbiyəsizliklərinin səviyyəsini bir daha nümayiş etdirir”, – deyə nazirlik bəyan edib.

Tankların istifadəsi məsələsinə gəlincə, Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri vəziyyətə uyğun olaraq düşmən atəş açdığı halda, ona qarşı daha üstün silahlarla cavab verəcəyi, onların atəş nöqtələrini, mövqelərini və hərbi obyektlərini məhv edəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.

KATEQORIYA:
Bu xəbəri paylaş