Azərbaycan müdafiə sənayesi İDEF-2017 sərgisində təmsil olunacaq

May ayının 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində İDEF-2017 – 13-cü beynəlxalq müdafiə sərgisi keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, bu günədək dünyanın müxtəlif ölkələrindən 365 şirkət sərgidə iştirakını təsdiq edib. Gözləntilərə görə, bu il sərgiyə qatılacaq şirkətlərin sayı 500-dən çox olacaq.

Sərgidə əsas ağırlıq Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin payına düşür.  Türk şirkətləri ilə yanaşı “ Airbus Defence Space”, “Allison”, “BAE Systems”, “Beretta”, “FLİR Systems”, “FN Herstal”, “Honeywell”, KADDB, “L3 Wescam”, “Leonardo”, MBDA, NORINCO, Pakistan Aeronautical Complex, “Pratt and Whitney”, “Qinetiq”, “Raytheon”, “Rohde Schwarz”, THALES, Ukroboronprom, “Yugimport” və digər tanınmış müdafiə şirkətləri təmsil olunacaqlar.

Azərbaycanı sərgidə Müdafiə Sənayesi Nazirliyi təmsil edəcək. MSN artıq beşinci dəfədir İDEF sərgisində təmsil olunur.

Sərgidə mediya dəstək qismində “Azeri Defence” jurnalı da təmsil olunacaq.

Sərgidə ziyarətçi qismində Azərbaycan Silahlı Qüvvələrinin və digər güc strukturlarının yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş