Azərbaycan Ordusu “Hardy” hədəf sistemlərini istifadəyə qəbul edib

Estoniyanın “ELİ Military” şirkətinin istehsalı olan “Hardy” poliqon hədəf sistemləri Azərbaycanda istifadəyə qəbul edilib.

Bu barədə “AzeriDefence”yə “ELİ Military” şirkətinin regiondakı rəsmi təmsilçisi olan “Koza İnşaat və Savunma” şirkətindən məlumat verilib.

“Hardy” portativ, radioidarəetməli enib-qalxan (Pop-Up) piyada hədəf sisteminin ilk partiyası Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib və hazırda ordumuzun istifadəsində yer alır. Hədəflər sadə və intuitiv əmrlər sistemi vasitəsi ilə idarə olunur. Ehtiyaca uyğun olaraq hədəflər həm də əl ilə, yaxud qrup şəklində idarə oluna bilər. Əl ilə idarəetmədə bütün və ya seçilmiş hədəflər qalxır və enir. Qrup şəklində idarəetmə rejimi əvvəlcədən hədəfləri doqquz qrupa təyin edir və həmin qruplar sonradan şəxsi hədəf kimi idarə olunurlar. Bu hədəflər gecə rejimində atışlar üçün ön hissədə lampa ilə işıqlandırılır.

“Hardy” hədəf mexanizminin çəkisi 18.4 kq təşkil edir. Cihazın hədəfi qaldırması və endirməsi 1 saniyə zaman aparır.

“Koza” mütəxəssislərinin sözlərinə görə, “Hardy”nin kiçik ölçülü və yüngül çəkili olması onların asanlıqla bir ərazidən digər əraziyə daşınıb istifadə edilməsinə imkan verir. “Hardy” hədəflərinin rels üzərində hərəkət edən “Hardy-M” konfiqurasiyası da mövcuddur. 15 km/saat sürətlə hərəkət edən bu hədəf konfiqurasiyası kiçik arabacıqlar üzərində yerləşir.

KATEQORIYA:
Bu xəbəri paylaş