Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Çingiz Qurbanovla vida mərasimi başlayıb – FOTOLAR

Ermənistan Ordusunun təxribatının qarşısının alınması zamanı şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovla vida mərasimi sona çatıb.

“AzeriDefence”nin məlumatına görə, mərasimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, respublika hərbi prokuror Xanlar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, dövlət və hökumət qurumlarının, həmçinin ictimai təşkilatların nümayəndələri və vətəndaşlar iştirak ediblər.

Mərasimdə şəhidin həyatı, hərbi xidmət haqda məlumat verilib.

Şəhidin atası Salman Qurbanov isə çıxışında oğlunun vətən uğrunda həlak olduğunu və bununla fəxr etdiyini söyləyib. O, nəşin geri qaytarılmasında əməyi olanlara təşəkkürünü bildirib.

Şəhid Çingiz Qurbanov Qusar rayonunda dəfn olunacaq.

 

***

09.30

Ermənistan Ordusunun təxribatının qarşısının alınması zamanı şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovla vida mərasimi başlayıb.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən mərasimə silahlı qüvvələrin yüksək çinli zabitləri, dövlət və hökumət qurumlarının, həmçinin ictimai təşkilatların nümayəndələri və vətəndaşlar qatılıb.

Xatırladaq ki, Qurbanov Çingiz Salman oğlu 2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub.

Belə ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Düşmən tərəfi döyüş toqquşması zamanı canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Çingiz Qurbanov da bu döyüşdə şəhid olub.

Düşmən 1 aydan çox müddət idi ki, bütün beynəlxalq normaları pozaraq Çingiz Qurbanovun cəsədini qaytarmaqdan imtina edirdi.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Əsgərin nəşi fevralın 5-də geri qaytarılıb.

Şəhid Çingiz Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb.


 

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş