Azərbaycan-Pakistan sərhəd təhlükəsizliyi və hərbi-texniki əməkdaşlığı müzakirə edilib – FOTO

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Pakistanın Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı məmnunluq hissi ilə qeyd olunmuş, sərhəd təhlükəsizliyi və hərbi-texniki əməkdaşlıq sahələrində qarşılıqlı faydalı münasibətlərin perspektivləri müzakirə edilmiş, bu əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 %-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə edilməsi, transsərhəd cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki baza­nın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə qonaqlara məlumat verilib.

Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə qarşı çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş