Azərbaycan prezidenti İlham Əliyev Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanını qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahı qəbul edib.

“AzeriDefence”nin “AzərTac”a istinadən verdiyi məlumatına görə, görüşdə Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlərin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin yaxın tərəfdaş və müttəfiq dövlətlər olduğunu, xalqlarımızın bir-birinə qardaşlıq münasibəti bəslədiyini deyib.

Dövlət başçısı Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana səfərini və səfər zamanı aparılan konstruktiv müzakirələri məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan prezident bu sahədə əməkdaşlığın ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçısı Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahın ölkəmizə səfərinin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullah Pakistan prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. Pakistanlı qonaq ölkəmizin, xüsusilə Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını dedi. Pakistan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin tarixi, dini və mədəni köklərə malik olduğunu xüsusi vurğulayan Muhammad Zakaullah xalqlarımızın münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Dövlət başçısı prezident Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistanın prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

KATEQORIYA:
Bu xəbəri paylaş