Azərbaycan prezidenti Rusiya Sərhəd Xidmətinin rəhbərini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişovu qəbul edib.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Dövlət başçısı Vladimir Kulişovun Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlərin müzakirəsi və birgə fəaliyyətin əlaqələndirilməsi baxımından məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib. İki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev bildirib ki, bu, öz növbəsində həm insanların ünsiyyət qurmalarına və ticarət aparmalarına, iş adamlarının əlaqələri genişləndirmək üçün sərhədi maneəsiz keçmələrinə, həm də cinayətkar elementlərin, qaçaqmalçıların, terrorçuların, narkotik alverçilərinin qarşısının alınması işinə xidmət edə bilər.

Dövlət başçısı Azərbaycan ilə Rusiya Federasiyasının sərhəd xidmətlərinin qarşısında ümumi məqsəd və vəzifələrin durduğunu, birgə səylərin gücləndirildiyini məmnunluq hissi ilə qeyd edərək qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsinin önəmini vurğulayıb.

V. Kulişov isə azərbaycanlı həmkarları ilə görüşlərinin həm Rusiyada, həm də Azərbaycanda mütəmadi olaraq keçirildiyini qeyd edib. O, iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın və birgə fəaliyyətin konstruktiv xarakter daşıdığını deyib. V. Kulişov ölkələrin sərhəd xidmətləri arasında təmasların təkcə rəhbərlik səviyyəsində deyil, eyni zamanda, ekspertlər səviyyəsində də keçirildiyini bildirərək bunun sərhəddəki şəraitə nəzarət edilməsi, ayrı-ayrı qanun pozuntularına cəhdlərin qarşısının alınması və davamlı sərhəd təhlükəsizlik sisteminin formalaşdırılmasında önəmli rol oynadığını vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş