Azərbaycan Qazaxıstan Sərhəd Xidməti üçün gəmilərin inşasını təklif edib

Baş nazir Artur Rasi-zadə Azərbaycanda səfərdə olan Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini – Sərhəd Xidmətinin direktoru, polkovnik Darxan Dilmanovu qəbul edib.

Bu barədə “AzeriDefence” Nazirlər Kabinetinin saytına istinadən məlumat verib.

Görüş zamanı Azərbaycanla Qazaxıstan arasında bütün istiqamətlər üzrə əməkdaşlığın səmərəli nəticələr verdiyi vurğulanıb. Qeyd olunub ki, səfər çərçivəsində qonaqların Azərbaycan Dövlət Sərhəd Xidmətinin struktur bölmələri, fəaliyyət sahələri, Akademiyası və xüsusi Məktəbi ilə tanışlıq Qazaxıstanlı həmkarları üçün faydalı olacaq.

Hər iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlıq imkanlarına toxunan tərəflər Xəzər dənizində sərhəd təhlükəsizliyi məsələlərində əlaqələri möhkəmləndirərək qeyri-leqal miqrasiyanın, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün birgə əməliyyat-profilaktik tədbirlər keçirməyin səmərəli olacağını vurğulayıbılar. Bununla yanaşı bildirilib ki, güclü iqtisadi potensiala malik Azərbaycanda Qazaxıstanın sərhəd xidməti üçün gözətçi gəmilərinin və qayıqların inşası, helikopterlərin və gəmilərin təmiri, Akademiya xətti ilə mütəxəssislərin hazırlanması, habelə Avropa ilə Asiya arasında mühüm körpü rolu oynayan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə tranzit yüklərin vaxtında və keyfiyyətlə daşınması üçün münbit şəraitin yaradılması qarşıda duran geniş fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin də iştirak etdiyi qəbul zamanı əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi olub.

KATEQORIYA:
Bu xəbəri paylaş