Azərbaycan Sərhəd Qoşunlarının Komandanı Belarusda səfərdə olub

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Belarusun Dövlət Sərhəd Komitəsinin sədri, general-polkovnik Leonid Maltsevin dəvəti ilə iyulun 17-19 tarixlərində Minskdə rəsmi səfərdə olub.

DSX mətbuat mərkəzindən “AzerDefence”yə verilən məlumata görə, səfər çərçivəsində DSX nümayəndələri Belarusun Dövlət Sərhəd Komitəsinin strukturu, fəaliyyət sahələri, sərhəd mühafizəsinin təmin edilməsi üzrə müsbət təcrübəsi ilə tanış olmuş, habelə Azərbaycan və Belarus sərhəd xidmətləri arasında sərhəd təhlükəsizliyi, miqrasiya proseslərinin idarə edilməsi, buraxılış məntəqələrinin və kinoloji mərkəzlərin fəaliyyəti üzrə təcrübə mübadiləsinin davam etdirilməsi, inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində beynəlxalq layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi və maraq kəsb edən digər məsələlər üzrə müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyəti Belarusun Sərhəd Xidmətinin İnstitutu və sərhəd dəstəsi, kinoloji mərkəzi, sərhəd təhlükəsizliyi üzrə müasir avadanlıqlar istehsal edən bir sıra müəssisələrin imkanları ilə tanış olub.

Səfər zamanı DSX nümayəndələri Belarusun görməli yerləri və tarixi abidələri, o cümlədən “Xatın” memorial kompleksinə səfər edib, II Dünya Müharibəsində Belarusun faşistlərdən azad olunması uğrunda gedən döyüşlərdə şücaətlə vuruşmuş azərbaycanlıların xatirəsi yad edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş