Azərbaycan Silahlı Qüvvələrinin Rabitə və AİS qoşunları ən yeni texnologiyadan istifadə edir

“AzeriDefence”nin məlumatına görə, Azərbayca Müdafiə Nazirliyinin Rabitə və Avtomatik İdarəetmə Sistemləri İdarəsinin rəisi Məmməd Eminovun “Azərbaycan Ordusu” qəzetində müsahibəsi dərc olunub.

Son illər Silahlı Qüvvələrimizdə həyata keçirilən irimiqyaslı islahatlar ordumuzun tam formalaşmasını təmin etdi. Azərbaycan Ordusu indi Cənubi Qafqazda ən güclü ordudur. Bu islahatların nəticəsi kimi, rabitə və AİS qoşunlarında da böyük texnoloji yeniliklərə imza atılıb, rabitə bölmələri müasir tələblərə cavab verən yeni texniki vasitələrlə təchiz olunub. Bu vasitələrin istismar xüsusiyyətləri mənimsənilmədən onların tətbiqi mümkün deyil.

Müharibədə qələbə həm də inanclı və təlimli əsgərlərlə, düzgün və tam kəşfiyyatla, atəş gücü və manevr qabiliyyəti ilə bağlıdır. Hər bir şəraitdə orduda etibarlı rabitə sistemi mühüm əhəmiyyətə malikdir.

XX əsrin sonlarında Sovetlər İttifaqının süquta uğraması, müstəqil dövlətlərin yaranması separatçılığa, lokal müharibələrə şərait yaratdı. Azərbaycanda da belə bir müharibə başladı – Ermənistanın əsassız ərazi iddiası elan edilmədən müharibəyə səbəb oldu.

Müstəqil Azərbayanda da ordu quruculuğuna, digər qoşun növləri ilə yanaşı, rabitə qoşunlarının da yaradılmasına başlandı. O dövrdə Azərbaycan Ordusunda sabiq Sovet ordusundan miras qalan rabitə vasitələrindən istifadə olunurdu. Köhnəlmiş olsa da, həmin dövr üçün qoşunların idarə edilməsində rabitənin qarşısına qoyulan tapşırıqların yerinə yetirilməsində qənaətbəxş hesab edilirdi. Zaman keçdikcə rabitənin qarşısına qoyulan tələblər də artdı. Belə ki, fəal radiomaneələrə qarşıdurma, taktiki səviyyə də daxil olmaqla məlumatların şifrələnməsi, məlumatların qısa vaxtda və böyük həcmdə ötürülməsi, real zamanda video-görüntünün alınması və ötürülməsi kimi bir çox tələblər yerinə yetirilməli idi. Köhnə rabitə vasitələri bu tələblərə cavab vermirdi. Məhz bu səbəbdən də qoşunların idarə edilməsində avtomatlaşdırılmış idarəetmə vasitələrinin tətbiqinə böyük zərurət yaranmışdı. Bu sistemlərin tətbiqi ilə Rabitə Qoşunları Rabitə və AİS Qoşunları adlandırıldı.

Dünya miqyasında texnoloji inkişaf müasir müharibələrin aparılmasının forma və üsullarında dəyişikliyə səbəb oldu. Belə ki, müasir müharibələr əvvəlki müharibələrdən fərqli olaraq geniş cəbhədə aparılmır, lokal xarakter daşıyır. REM vasitələrinin geniş tezlik zolaqlı təsiri altında, əksər hallarda kontaktsız, tək taktiki sahədə deyil, kiber məkanda da aparılır. Deməli, qələbə qazanmaq üçün ordu yeni rabitə və AİS vasitələri ilə təchiz edilməlidir.

Ali Baş Komandanın ordu quruculuğuna diqqət və qayğısı bütün qoşun növlərində olduğu kimi, Rabitə və AİS qoşunlarında da maddi-texniki bazanın möhkəmləndirilməsini, yeni böyük texnoloji inkişafı, müasir texnologiyaların tətbiqini və istifadəsini təmin etdi.

Son illərdə Azərbaycan Ordusunun rabitə bölmələri müasir tələblərə cavab verən yeni nəsil rəqəmsal rabitə vasitələri ilə təchiz olunub. Bu vasitələrin istismar xüsusiyyətlərinin mənimsənilməsi üçün rabitə və AİS ixtisaslı zabit və gizirlər Azərbaycanda və xarici ölkələrdə müvafiq kurslara cəlb edilirlər.

Silahlı Qüvvələrimizdə istifadə edilən əsas rabitə (radio, radiorele və kabel rabitəsi) vasitələri müasir tələblərə cavab verir və geniş texniki imkanlara malikdir. Silahlanmaya qəbul edilmiş yeni nəsil radiorele rabitə vasitələri əvvəlkilərə nisbətən əhəmiyyətli üstünlüklərə malikdir: kütləsi və ölçüləri kiçikdir (böyük qabaritli rabitə vasitələrinin yerinə yetirdiyi funksiyaları indi kiçik qabaritli rahat daşınan mobil rabitə vasitələri daha səmərəli yerinə yetirir), enerji tələbatı dəfələrlə azdır (dağlıq ərazilərdə, sənaye elektrik mənbələrindən uzaqda xidmət edən şəxsi heyətə uzunmüddətli rabitəni təmin edir), tezlik atlama imkanı (düşmənin radio kəşfiyyat və REM vasitəsilə bizim radio məlumatların ələ keçirmə və susdurma imkanını çətinləşdirir (minimuma endirir), rabitənin gizliliyini, dayanıqlığını təmin edir, məsafədən idarə olunur, tənzimlənir (açılmış rabitə sisteminin vahid mərkəzdən idarə edilməsi, şifrələnməsi, qəzaya nəzarət edilmə və yönləndirilmə) və s.

Əvvəllər olduğu kimi, radiorabitə mühümlüyünü indi də saxlamaqdadır. Müasir müharibələrdə tətbiq olunan yüksək dəqiqlikli silahların REM və RES vasitələrinin imkanlarının artması, digər rabitə növü kimi radiorabitə vasitələrinin də texniki imkanlarının artırılmasını zəruriləşdirib. Azərbaycan Ordusunda sülh və müharibə dövrü üçün radiorabitəyə olan tələbatı təmin etmək məqsədilə, həm rabitə həm də digər qoşun növlərinin bölmələri müasir tələblərə cavab verən və geniş texniki imkanlara malik olan radiorabitə vasitələri ilə təchiz olunub, bu istiqamətdə işlər davam etdirilir.

Aktiv maneələrə qarşı fəal qarşıdurma iş rejimində radiomübadilə aparan radiostansiyalarda işçi tezliklərin sinxron dəyişməsi və eyni zamanda şifrələməsi təmin edilir. Tezliyin yüksək sürətlə dəyişməsi həm aktiv maneələrlə mübarizədə, həm də radiokəşfiyyata qarşı effektiv üsul hesab edilir.

Qısa mesaj xidmətindən və verilənlərin (DATA) mübadiləsindən istifadə zamanı radiostansiyaların efirdə olma müddəti minimuma enir və məlumat qısa bir zamanda (bir neçə saniyədə) şəbəkə müxbirinə çatdırılır, eyni zamanda, rabitənin doğruluğu əhəmiyyətli dərəcədə artır.

Məlumat mübadiləsi zamanı informasiyanın ən yüksək səviyyədə, o cümlədən bütövlükdə sistemin təhlükəsizliyi məsələləri nəzərə alınıb:

– mübadilə qəzasının kripto avadanlığı vasitəsilə şifrələnməsi;

– istifadə olunan avadanlıqların işinin “firewall” avadanlığı vasitəsilə tənzimlənməsi.

Yuxarıda qeyd olunan göstəricilərin geniş tətbiqi bizə, idarəetmə məntəqələri yerləşmə yerlərini dəyişərkən, rabitəni bir məntəqədən digərinə ötürməyə (qəbul etməyə), informasiya mübadiləsini qısa müddətdə təmin etməyə, həmçinin rabitənin düşmənin texniki kəşfiyyat və radioelektron susdurma vasitələrindən mühafizəsinə və rabitənin təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılmasını həyata keçirməyə imkan verir.

İdarənin hərbi qulluqçuları deyilənlərlə kifayətlənmir, inkişaf etmiş dünya ordularının nəzəri və praktiki bacarıqlarından müntəzəm olaraq faydalanır, ordumuzun rabitə və AİS sisteminin təkmilləşdirilməsi üzrə araşdırılmalar aparır və rəhbərliyin bu sahə üzrə göstərişlərini böyük məsuliyyətlə yerinə yetirirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş