Azərbaycan Silahlı Qüvvələrinin tibb xidmətində yeniliklər edilib

Azərbaycan Silahlı Qüvvələrinin tibb xidmətində 2015-ci ildə bir sıra mühüm yeniliklər edilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Azərbaycan Ordusu” qəzetinə müsahibəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev bildirib.

N. Əliyevin sözlərinə görə, 2015-ci ilin ən mühüm yeniliklərindən biri əlahiddə tibb taborlarının bazasında müasir hərbi hospitalların yaradılmasıdır. İdarə rəisi qeyd edib ki, bir sıra əlahiddə tibb taborlarının bazasında yeni hərbi hospitalların cəbhə xəttinə yaxın bölgələrdə yerləşdirilməsi zərurətdir: “Azərbaycan Ordusunun böyük sayda şəxsi heyəti cəbhə xəttinə yaxın hərbi hissələrdə qulluq edir və düşmənlə təmas mövqelərində döyüş tapşırıqlarını yerinə yetirir. Onların sağlamlığını qorumaq bizim ən ümdə vəzifəmizdir və bu vəzifənin məsuliyyətlə yerinə yetirilməsi üçün həmin tibb müəssisələri təcrübəli tibb işçiləri ilə komplektləşdirilir”.

Bundan əlavə, cəbhə xəttində yerləşən hərbi hissələrdə yeni tibb məntəqələri tikilərək müasir texniki avadanlıqlarla təchiz olumaqla hərbçilərin istifadəsinə verilib. Bundan əlavə, tibb xidmətinin istifadəsində ambulans helikopter və sanitar kater mövcuddur.

“Hazırda Ələt qəsəbəsindəki ağciyər xəstəlikləri hospitalı tamamilə yenidən qurulur. Həmçinin Naxçıvanda müasir hospitalın tikintisi başa çatmaq üzərədir”, – deyə Tibb Xidmətinin rəisi əlavə edib.

General qeyd edib ki, hazırkı mərhələdə xəstəliklərin azalması ilə əlaqədar tibb xidməti ştatları optimallaşdırılıb. Mərkəzi tabelikdə olan bəzi hospitallar bağlanıb. Xəstə və yaralılara yerində xidmət göstərilməsi məqsədi ilə əlahiddə tibb taborlarına hospital statusu verilib.

N. Əliyev hərbi xidmətə çağırılmış gənclərin Müdafiə Nazirliyi sistemində təkrar və ciddi şəkildə tibbi müayinədən keçirilməsinə xüsusi diqqətin yönəldiyini də vurğulayıb: “Ordu rəhbərliyinin əsas tələbi ondan ibarətdir ki, hərbi xidmətə yalnız sağlam gənclər qəbul edilsinlər”.

 

hosp.jpg

A01

B02

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş