Azərbaycan və Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşü olub

Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda səfərdə olan Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Oleq Belokonev ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Belarus generalı arasında təkbətək və geniş tərkibdə görüş keçirilib. General-polkovnik N.Sadıkov vurğulayıb ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkələr arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

“Əminəm ki, sizin səfəriniz ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsinə yeni təkan verəcək. Belarus şirkətlərinin cari ilin sentyabrında Bakıda keçiriləcək АDEX-2016 sərgisində iştirakı da ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə ikitərəfli işbirliyinin inkişafında mühüm rol oynayacaq”, – deyə general-polkovnik N.Sadıkov əlavə edib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan N.Sadıkov bildirib ki, uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır və bir milyondan çox azərbaycanlı doğma yurd-yuvalarından didərgin düşüb: “Bu münaqişə regional sabitliyə əsas təhlükədir. İnanırıq ki, Belarus bu münaqişənin nizamlanması məsələsində bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək”.

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətlər qeyd edilərək dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

İyulun 15-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyəti tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Hərbi Hava Qüvvələrinin aviasiya bazasının, Hərbi Dəniz Qüvvələrinin qərargahının, dəniz hazırlığı və dalğıc poliqonunun, eləcə də sülhməramlı qüvvələrin hərbi hissəsinin ziyarət olunması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş