Azərbaycan və Bolqarıstanın Hərbi akademiyaları arasında əməkdaşlıq sənədi imzalanıb

Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyasının rəhbər heyəti Azərbaycana səfərə gəlib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən görüşdə iki ölkənin hərbi elm və təhsil sahəsində əlaqələri, o cümlədən akademiyalar arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev təhsil müəssisəsinin fəaliyyəti, strukturu, beynəlxalq əlaqələri və maddi-texniki bazası haqqında qonaqlara ətraflı məlumat verib.

Təhsil ocaqları arasında inkişaf edən münasibətlərin əhəmiyyətindən danışan G.S.Rakovski adına Hərbi Akademiyanın rəisi general-mayor Qrudi Angelov Azərbaycanın hərbi elm və təhsilinin bütün istiqamətləri üzrə əlaqələrin uğurla inkişaf etdiyini xüsusi qeyd edib.

Sonda hərbi akademiyalar arasında elmi tədqiqatlar, təcrübə mübadiləsi, müştərək tədbirlərin keçirilməsi, tədris və qarşılıqlı maraq doğuran digər məsələlərə dair əməkdaşlıq sənədi imzalanıb.

Sonra qonaqlar Azərbaycan hərbi təhsil sisteminin inkişafı ilə yaxından tanış olmaq üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini də ziyarət ediblər.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş