Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Avqustun 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Karol Krofts ilə görüşüb.

Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Müdafiə naziri səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Silahlı Qüvvələr arasında əməkdaşlığın daha da genişləndirilməsinin və hərbi təhsil sahəsində əldə edilən razılaşmaların inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Sonda müdafiə naziri səfirin fəaliyyəti dövründə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib.

Britaniyalı diplomat isə öz növbəsində əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş