Azərbaycan və Pakistan arasında hərbi əlqalərin inkişafı müzakirə olunub – FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Rəşad Mahmud ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın müdafiə naziri ilə Pakistan Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq ölkələrimiz arasında ənənəvi mehriban dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Azərbaycanın müharibədən əziyyət çəkməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək Pakistanın Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməklə xalqımızın haqq işinə kömək etməsinə hazır olmasını xüsusi qeyd edib.

General-polkovnik Z. Həsənov Pakistan ilə təhlükəsizlik, müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişafının vacibliyi, əlaqələrin daha da dərinləşdirilməsi və ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin təşkil edilməsi barədə fikirlərini də diqqətə çatdırıb.

Səfərdən məmnunluğunu ifadə edən general R.Mahmud Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.
Tərəflər Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, terrorizmə qarşı mübarizədə müştərək əməkdaşlığın, eləcə də hər iki ölkənin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin artırılmasının vacibliyini də xüsusi vurğulayıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş