Azərbaycan və Qazaxıstan arasında hərbi sənaye sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov ilə görüşüb.

“AzeriDefence”in Azərbaycanın Qazaxıstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, görüşdə hərbi sənaye sahəsində də əlaqələrin güclənməsinin müsbət nəticələr verəcəyi, bu sahənin artıq iqtisadiyyatın bir sektoruna çevrildiyi bildirilib.

B.Atamkulov qeyd edib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərdə müstəqil ordu quruculuğu mühüm rol oynayır. Müdafiə sənayesi kompleksinin yaradılmasında mühüm nailiyyətlər əldə edən Azərbaycanın bu sahədə uğur qazanmış ölkələr sırasına daxil olmasının təqdirəlayiq hesab edildiyini vurğulayan B. Atamkulov bu sahədə Azərbaycan təcrübəsinin Qazaxıstan üçün daha maraqlı olduğunu vurğulayıb.

R.Məmmədov Azərbaycanın Ermənistan tərəfindən hələ də hərbi təcavüzə məruz qaldığını önə çəkərək münaqişənin yaranma tarixi və nəticələri barədə nazirə geniş məlumat verib. R. Məmmədov Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə güclü hərbi sənaye kompleksi yaratdığını deyərək bu sahədə bir çox ölkələrlə qurulmuş uğurlu əməkdaşlıqdan danışıb.

Görüş zamanı Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar və onların müxtəlif ölkələrə ixracı barədə məlumat verilib. Səfir Azərbaycanda keçirilən ADEX beynəlxalq müdafiə sərgisi barədə Qazaxıstan tərəfini məlumatlandırıb. Qazaxıstan tərəfi ADEX sərgisində iştiraka dəvət olunub.

Qeyd olunub ki,  Qazaxıstan Azərbaycanın hərbi sənaye kompleksində istehsal edilən məhsullarla yaxından tanış olmaq niyyətindədir və bu sahədə əməkdaşlığa xüsusi diqqət yetirir. Bu məqsədlə Qazaxıstan Azərbaycanda keçiriləcək növbəti ADEX sərgisində milli stendlə çıxış edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş