Azərbaycan və Türkiyə hökumətləri arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) mayın 9-12-də Türkiyənin İstanbul şəhərində keçiriləcək 13-cü İDEF-2017 sərgisində 260 adda məmulat nümayiş etdirəcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasındakı çıxışında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Camalov bildirib ki, adıçəkilən sərgidə ilk dəfə olaraq nazirliyin müəssisələrində istehsal olunan 8,6×70 millimetrlik “Vaşaq” snayper tüfəngi, 40 millimetrlik QP-25 lüləaltı qumbaraatanı, 12,7 millimetrlik silahla təchiz edilmiş məsafədən idarə olunan döyüş modulu, “Tufan” milli zirehli maşını kimi bir sıra yeni məhsullar ziyarətçilərə təqdim ediləcək.

Sərgi müddətində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişin də imzalanması gözlənilir. Sərginin keçiriləcəyi günlərdə hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılaşmaların əldə olunması, eləcə də məmulatların ixracı üzrə memorandum və niyyət protokollarının imzalanması nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş