Azərbaycan xarici ölkələrə 101 milyon dollarlıq silah və sursat ixrac edəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) xarici ölkələrə müdafiə təyinatlı məhsulların ixracına dair 101 milyon dollarlıq müqavilə bağlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasındakı çıxışında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir qeyd edib ki, bu gün 10-dan çox ölkənin müvafiq qurumlarına Azərbaycanın istehsalı olan hərbi məhsulların ixracı həyata keçirilir. Hazırda bağlanmış müqavilələrin dəyəri 101 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 57 milyon dolları icrada olan müqavilələrdir, qalan 44 milyon dolları isə qarşı tərəfdən son istifadəçi sertifikatları təqdim edildikdən sonra qüvvəyə minəcək.

Y.Camalov MSN-in yerli qurumların təchizatındakı rolundan da danışıb. Nazir qeyd edib ki, 2017-ci ilin istehsal proqramına əsasən, Müdafiə Nazirliyi və digər güc qurumları tərəfindən verilmiş sifarişə uyğun olaraq 123,7 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş