Azərbaycanda “Mi” seriyalı helikopterlərin servis mərkəzi yaradılır

Moskva şəhərində keçirilən “HeliRussia-2017” Beynəlxalq sərgisi çərçivəsində “Rusiya Vertolyotları” şirkəti ilə “Azərbaycan Hava Yolları” QSC və “Silk Way Group” arasında Azərbaycanda servis mərkəzinin yaradılmasına dair müzakirələr aparılıb.

Bu barədə “AzeriDefence”yə” Rusiya Vertolyotları” şirkətindən məlumat verilib.

Müzakirələrdə “Rusiya Vertolyotları” şirkətinin baş direktoru Andrey Boqinski, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, “Silk Way Group” şirkətlər qrupunun prezidenti Zaur Axundov, həmçinin “Silk Way Helicopter Services” şirkətinin baş direktoru Azər Sultanov iştirak edib.

Tərəflər Azərbaycan və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası komissiyanın XVI iclasının qərarlarının icrası çərçivəsində Azərbaycanda Rusiya və sovet istehsalı mülki və hərbi helikopterin təmiri üzrə xidmət mərkəzinin açılışı layihəsinin reallaşdırılmasına marağı ifadə ediblər.

Məlumat üçün bildirək ki, sözügedən layihə üzrə birgə iş 2016-cı ildə başlanıb. ADEX-2016 sərgisi zamanı “Rusiya Vertolyotları” şirkəti və “Silk Way Helicopter Services” MMC Azərbaycanda Mi-8/17 tipli Rusiya istehsalı olan mülki helikopterlərə xidmət mərkəzinin açılışı haqqında razılaşmanı imzalayıb. Müqavilənin reallaşdırması məqsədi ilə 2017-ci ilin başlanğıcında Rusiya və Azərbaycan mütəxəssisləri Heydər Əliyev beynəlxalq aeroportunun ərazisində fəaliyyət göstərəcək mərkəzin yaradılması imkanını nəzərdən keçiriblər.

Bu gün müzakirələrin davamı olaraq “HeliRussia-2017” sərgisi çərçivəsində “Rusiya Vertolyotları” şirkəti və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərləri “Azərbaycan Respublikasının ərazisində Rusiya və sovet istehsalı olan mülki helikopter texnikasının təmirini həyata keçirən xidmət mərkəzinin təşkili layihəsi üzrə 2017-ci ildə həyata keçiriləcək əsas tədbirlərin Planını” imzalayıblar.

Qeyd edək ki, hazırda Azərbaycan sovet /Rusiya istehsalı olan Mi-8/17 markalı mülki və hərbi nəqliyyat, habelə Mi-24 və Mi-35M döyüş helikopterlərinə sahibdir.

KATEQORIYA:
Bu xəbəri paylaş