Azərbaycanda modernizə edilən BTR-70 zirehli transportyorlar ixrac ediləcək

Müdafiə Sənayesi Nazirliyinin “Aqreqat” İstehsalat Birliyi Konqoya təkmilləşdirilmiş BTR-70 zirehli transportyorunun istehsalını həyata keçirəcək.

Bu barədə “Azeri Defence”yə “Aqreqat” İstehsalat Birliyinin baş direktoru Fərhad Cəfərquliyev məlumat verib.

Bakıda sentyabr ayının sonu keçirilmiş ADEX-2016 beynəlxalq müdafiə sərgisində Konqo üçün modernizə olunmuş BTR-70 nümayiş olunub.

F. Cəfərquliyev bildirib ki, İstehsalat Birliyinə daxil olan Bakı Cihazqayırma Zavodu artıq 10 ilə yaxındır BTR-60, BTR-70, BTR-80 və BRDM-2 zirehli transportyorların təmiri və təkmilləşdirilməsi sahəsində müxtəlif layihələr reallaşdırır: “Zavodumuz MDB məkanında bu sahədə ixtisaslaşmış və təcrübəli müəssisələrdən hesab olunur. Bizim layihə üzrə təkmilləşdirilən BTR-70 tipli zirehli transportyor böyük gediş ehtiyatına, yüksək dinamik keyfiyyətlərə və yüksək maneə keçmə qabiliyyətinə sahib olub”.

BTR və BRDM-2 maşınlarında aparılan təkmilləşdirmələr barədə danışan müəssisə rəhbərinin sözlərinə görə, BTR-lərdə aparılmış ən mühüm dəyişikliklər sırasında idarəetmənin asanlaşdırılması və güc bölməsinin yenilənməsidir. Təkmilləşdirmə işləri maşının xarici görünüşünə toxunmadan aparılıb. Maşında bir ədəd 260 at (176,5 Kvt) gücündə KamAz-740.11.240 dizel mühərriki qurulub. Bu da əvvəllər sinxron işləyən iki mühərriklə bağlı olan idarəetmə problemini aradan qaldırıb.

“Qeyd etmək istərdim ki, BTR-60 və BTR-70-lərdə iki mühərrik olduğundan onların istifadəsində çətinliklər yaranır, nəticədə BTR-lər tez sıradan çıxırdı. Bizim təkmilləşdirdiyimiz BTR-70-lərin mühərrik və idarəetmə sistemi tamamilə dəyişdirilib. Maşının sürəti və manevrliliyi artırılmaqla yanaşı müasir soyutma sistemi tətbiq olunub. Bu aparılan təkmilləş-dirmənin əsas üstünlüklərindən biridir. Maşının daxilində elektrik hissəsi və sürücü paneli tam dəyişdirilib. Modernizasiya olunmuş maşının sürəti 80 km/saata, gediş ehtiyatı 550 km-ə qədər çatdırılıb. Təkmilləşdirilmiş BTR-70-lər 30 dərəcə bucaq altında yüksəkliyi dəf etməklə, 25 dərəcə yana maili hərəkət etməyi bacarır. Eyni zamanda zirehli maşınlar naviqasiya aparatları ilə təchiz edilib”, – deyə F. Cəfərquliyev vurğulayıb.

Bu günədək müəssisədə xeyli sayda BTR-70 və BTR-60 təkmilləşdirilərək Azərbaycan Silahlı Qüvvələrinə və Daxili Qoşunlara təqdim olunub. Daxili Qoşunların silahlanmasında olan BTR-60, BTR-70 və BRDM-2-lər də Bakı Cihazqayırma Zavodunda modernizə olunub.

“Modernizə olunmuş BTR-70-ləri sifarişçinin istəyinə uyğun olaraq həm öz ştat qülləsi ilə, həm də yerli mütəxəssislər tərəfindən yaradılmış 14,5 mm-lik iriçaplı KPVT pulemyotu, 20 mm və ya 23 mm kiçik çaplı avtomatik toplarla silahlandırılmış “Şimşək” qüllə ilə təklif edirik. Silah seçimi müştərinin istəyinə bağlıdır”, – deyə F. Cəfərquliyev əlavə edib.

btraz (2)

 

KATEQORIYA:
Bu xəbəri paylaş