Azərbaycanda yol polisinin maşınlarına yeni sistem qurulub

Azərbaycanın yol polislərinin avtomobilləri “ağıllı” sayrışan lampalarla təchiz olunub.

“AzeriDefence”nin məlumatına görə, yeni lampaların alğı-satqısına dair DİN Dövlət Yol Polisi İdarəsi bu işıqları istehsal edən Türkiyənin “Ekin Texnologiya” şirkəti ilə müqavilə imzalayıb.

Müqavilə çərçivəsində Türkiyədən 400 ədəd “Ekin Patrol” adlı yeni lampa alınıb.

“Ekin” şirkətinin idarə heyətinin sədri Akif Ekin mediaya açıqlamasında bildirib ki, yeni işıqların özəlliyi onların avtomobillərin dövlət nömrə nişanlarını oxuya bilməsidir. Şirkət bu tip lampaların yaradılması layihəsinə 6 il əvvəl başlayıb.

“Bu dönəmdə lampalar daha da inkişaf etdirilib. İndi polis maşınlarının üzərindəki lampalar sadəcə işıq saçmır. Bura yerləşdirilmiş sistem ətrafdakı maşınların sürətini, onların nömrələrini qeydə alır. Hazırda bu cihaza silah səsinin gəldiy istiqaməti müəyyənləşdirən sistemi də inteqrasiya etməyə çalışırıq”, – deyə Ekin vurğulayıb.

Akif Ekin aksiyalar və kütləvi iğtişaşlar zamanı bu cihazdan üz tanıma sistemi kimi istifadə edilə bildiyini, bu informasiyaların 60 gündən artıq cihazın yaddaşında saxlandığını qeyd edib.

Qeyd edək, Türkiyənin “Ekin Technology” şirkəti Bakı şəhər Nəzarət İzləmə Sistemini (MOBESE) və Bakı Metropoliteninin stansiyalarında müşahidə kameraları qurub.

KATEQORIYA:
Bu xəbəri paylaş