Azərbaycanın aldığı BTR-82A transportyorları hansı imkanlara malikdir – FOTO

Azərbaycan ilə Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan Azərbaycana silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib. Hərbi təyinatlı yeni məhsullar arasında BTR-82A zirehli transportyorları yer alıb.

“AzeriDefence”nin məlumatına görə, BTR-82A zirehli transportyorları 2013-cü ildən Azərbaycan Ordusunun silahlanmasına daxildir. Bu zirehli maşınlar ayrı-ayrı vaxtlarda keçirilən təlimlərdə, o cümlədən 2016-cı ilin aprel ayında cəbhədə baş vermiş döyüşlərdə istifadə olunub.

BTR-82A zirehli transportyorlarında əvvəlki partiyalarını istifadə edən Azərbaycan hərbçilərinin tələbi və təklifi ilə maşınlarda istehsalçı müəssisə tərəfindən bəzi təkmilləşdirmələr aparılıb. Nəticədə zirehli transportyorun döyüş imkanları yüksəldilib.

Rusiyanın “Hərbi Sənaye Kompleksi” (VPK) müəssisə tərəfindən istehsal olunan BTR-82A zirehli transpotyoru 1986-cı ildən silahlanmada yer alan BTR-80 və BTR-80A tipli zirehli transportyorların dərin müasirləşdirilmiş versiyasıdır. Lakin BTR-82A öz sələflərini döyüş və texniki xüsusiyyətlərinə görə praktik olaraq iki dəfədən çox üstələyir.

BTR-82A-nı özündən əvvəlki zirehli transportyorlardan fərqləndirən cəhətlərdən ən əsası isə onun daha güclü mühərriklə təmin olunması və zirehin gücləndirilməsidir. Maşının qəlpələrə qarşı müdafiəsi korpusun daxili səthlərinə əlavə edilmiş müasir sintetik materiallar vasitəsi ilə yüksəldilib.

Silah arsenalı isə əvvəlkilərindən o qədər də fərqlənmir. Zirehli transportyorun məsafədən idarə olunan döyüş modulunda əsas silah kimi 30 mm-lik 2A72 avtomat top (istifadəçinin istəyindən asılı olaraq 14.5 mm-lik KPVT-də olur) və ikinci silah kimi 7.62 mm-lik PKTM pulemyotu daxildir.

2A72 avtomat topu BMP-2 piyada döyüş maşının əsas silahı olaraq indiyədək dünyanın müxtəlif regionlarında gedən müharibələrdə geniş istifadə olunmaqla özünü doğruldub. 2A72 topunun atış tempi dəqiqədə ən azı 330 mərmi, mərminin başlanğıc sürəti tipindən asılı olaraq 960-1120 m/saniyə, atış uzaqlığı 4000 metrdən çoxdur.

Unifikasiya edilmiş modulda yerli və xarici istehsal olan digər artilleriya silahları da qurula bilər. Döyüş modulunda müasir müşahidə və nişangah sistemləri tətbiq olunub.

Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq BTR-82A-a kondisioner, beşinci nəsil müasir rabitə vasitələri və “Trona-1” topoqrafiya səmt sistemi ilə təchiz edilib.

Maşının seriyalı istehsalına 2011-ci ildən başlanılıb.

Maşının heyəti 3 nəfər, desant tutumu 7 nəfər, döyüş ağırlığı 15.4 ton təşkil edir. Zirehli transportyor 300 at gücündə КАМАЗ-740.14‑300 mühərriki ilə təchiz edilib.

BTR-82A zirehli transpotyoru Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan və Suriyanın hərbi texnika parkında yer alır.

2013-cü ilin fevralında BTR-82A tipli zirehli transportyoru rəsmən silahlanmaya qəbul edən Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsi, Qara dəniz və Xəzər dəniz donanmalarının istifadəsinə bu texnikanı daxil edib.

2015-ci ildə Rusiya Müdafiə Nazirliyi Ermənistanda və Abxaziyada dislokasiya olunan motoatıcı briqada və hərbi bazaları da BTR-82A transportyorları ilə komplektləşdirib.

Hazırda dünya bazarında BTR-82A zirehli transportyorlarının əsas rəqibi olaraq Ukrayna istehsalı olan BTR-4MV çıxış edir.

KATEQORIYA:
Bu xəbəri paylaş