Azərbaycanın dəniz təhlükəsizliyi sahəsində gördüyü işlər qiymətləndirildi – FOTOLAR

Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdikləri yoxlamanın nəticələrinə görə, 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllardan olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyan Azərbaycan statistika üzrə ön sırada yer tutub.

Bu barədə “AzeriDefence”yə Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən Azərbaycanın dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların tətbiqi səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi ilə əlaqadar yoxlama keçirilib.

Həyata keçirilən yoxlama müddəti ərzində, Azərbaycanda fəaliyyət göstərən limanların akvatoriyaları daxil olmaqla bütün ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, gəmilərə dair tələblərə əməl olunmasına nəzarət mexanizmi, gəmilərin hərəkətinin idarə edilməsi, limanlara daxil olan və limanlardan çıxan gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılması və giriş-çıxışına icazə verilməsi, dənizdə insan həyatının və dəniz ətraf mühitinin mühafizəsi, eləcə də bu sahədə mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosesi dəqiq şəkildə və incəlikləri ilə araşdırılıb.

Yoxlama nəticələrinə əsasən müəyyən olunub ki, Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən normativ hüquqi aktlar Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğundur.

Audit Ekspert Qrupu tərəfindən gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılması, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyəti, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sistemi yukşək səviyədə təşkil olunub.

Yoxlama zamanı gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılmasını həyata keçirən nəzarət müfəttişlərinin yalnız dənizçilərdən formalaşdırılması məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş ixtisas tələbləri yüksək qiymətləndirilib.

Yoxlamının uğurlu nəticələrinə əsaslanan Audit Ekspert Qrupu xüsusi olaraq vurğulayıb ki, bu tələblər və Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz nəqliyyatı sahəsində formalaşdırılmış digər bir sıra nəzarət mexanizmləri dəniz dövlətləri üçün ən yaxşı təcrübə ola bilər.

Audit Ekspert Qrupu Azərbaycanda fəaliyyət göstərən limanların akvatoriyalarında gəmilərin yoxlanılmasını həyata keçirən liman nəzarəti müfəttişləri və gəmilərin yoxlanılması prosesinin, habelə gəmilərin hərəkətinin idarə edilməsi sisteminin kommersiya sahəsindən tamamilə ayrılmasını və heç bir sahibkarlıq subyektinin tərkibində olmadan dövlət qurumu olaraq həyata keçirilməsini Beynəlxalq Dəniz Təşkilatının birbaşa tələbi olduğunu və bu sahədə Azərbaycanda əldə edilən nailiyyətləri nümunə olacaq vacib amil kimi dəyərləndirib.

Audit Ekspert Qrupu tərəfindən həyata keçirilən yoxlama zamanı müəyyən olunub ki, Azərbaycanın Dövlət Dəniz Administrasiyası ilə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər Dəniz Gəmiçiliyi, Dövlət Dəniz Akademiyası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər qurumlar arasında formalaşdırılmış əməkdaşlıq mexanizmlərinin, həyata keçirilən tədbirlərin koordinasiyasının təşkili Beynəlxalq Dəniz Təşkilatının bununla bağlı tələb və tövsiyyələrinə, habelə dəniz nəqliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübəyə tam uyğunluq təşkil edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş